Elxan Məmmədov: “İki il oncə mən cüdo aləmində heç kim idim”
13.04.2008 - 21:08
Elxan Məmmədov: “İki il oncə mən cüdo aləmində heç kim idim”
Lissabon. Aqşin Əliyev - APA-Sport. “Avropa çempionatındakı qələbəmi vətənimə, xalqıma həsr edirəm”. Bu sözləri “APA-Sport” agentliyinə eksklüziv açıqlamasında cüdo üzrə Azərbaycan milli komandasının üzvü Elxan Məmmədov deyib. Portuqaliyanın paytaxtı Lissabonda təşkil olunan qitə birinciliyində gümüş medal qazanan 26 yaşlı idmançı bildirib ki, zəhmət sayəsində uğura nail olub: “Bu ərəfədə, xüsusilə son 6 ayda ciddi hazırlaşırdıq, müxtəlif yarışlarda çıxış edirdik. Fikrimcə, Avropa çempionatındakı qələbə çəkdiyim zəhmətin bəhrəsidir. Halbuki, iki il öncə mən cüdo aləmində heç kim idim. Şükür Allaha, zəhmətim hədər getmədi və bu pilləyə qalxa bildim”. Hollandiyalı rəqibi Mark Huzinqaya vaxtilə qalib gəldiyini xatırladan E.Məmmədov final görüşü barədə bunları deyib: “Mən ötən il Rusiyada keçirilmiş Dünya Kubokunda onu məğlub etmişdim. İndi də qələbə qazanacağıma arxayın idim. Ancaq bu dəfə alınmadı. Bəlkə də yorğunluq final görüşünü də qalib gəlməyimə maneçilik törətdi”. Gənc cüdoçu XXIX Yay Olimpiya Oyunlarında da uğurlu nəticə göstərəcəyini inamını ifadə edib.
0