Azərbaycan taekvondoçusu İlkin Şahbazov Avropa çempionatının gümüş medalını qazanıb
14.04.2008 - 13:50
Azərbaycan taekvondoçusu İlkin Şahbazov Avropa çempionatının gümüş medalını qazanıb
Roma. Elşən Məmmədov-APA-Sport. İtaliyanın paytaxtı Romada keçirilən kişi və qadınlar arasında taekvondo üzrə Avropa çempionatına yekun vurulub. «APA-Sport» agentliyinin məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan yığma komandası bir qızıl, bir gümüş medal qazanıb. Qitə birinciliyinin startında Avropa çempionu olan Elnur Amanovdan (58 kq) sonra yarışın axırıncı döyüş günündə İlkin Şahbazov (67 kq) ikinci yeri tutub. İ.Şahbazov əvvəlcə Maks Vandernootu (Belçika) 6:3, sonra isə Viktor Yankovskini (Çexiya) 1:0 hesabı ilə məğlub edərək, ¼ finala vəsiqə qazanıb. Növbəti görüşlərində Omar Pastor Badianı (İspaniya) texniki qələbə, Dennis Bekkersi (Hollandiya) isə 4:1 hesabı ilə yenən həmyerlimiz finala çıxıb. Lakin həlledici qarşılaşmada İ.Şahbazovun qarşısını türkiyəli Sərvət Təzəgül kəsib – 1:0. Çempionatın son günündə tatami üzərinə çıxan Elvin Məmmədov (78 kq) və Günay Ağakişiyeva (63 kq) isə ilk görüşlərini qələbə ilə başa vursalar da, ¼ finalda məğlubiyyətə düçar olaraq, mübarizəni dayandırıblar.
Qeyd edək ki, İ.Şahbazov 2006-cı ildə Avropa çempionu olub.
0