Azərbaycan Milli Məslisinin üzvü dünya çempionatında mübarizə aparacaq
23.04.2008 - 17:35
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın yığma komandası Kiprin Limasol şəhərində keçiriləcək Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyası (WPKA) versiyası üzrə dünya çempionatına qatılacaq. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Kikboksinq Federasiyasında (AKF) milli komandaların rəisi, Sadıq Bağırov məlumat verib. Onun sözlərinə görə, mayın 7-də start götürəcək yarışda yeniyetmə, gənc, kişi və veteran kikboksçularımız mübarizə aparacaqlar. Dörd gün davam edəcək yarışda ölkəmizi ümumilikdə 29 idmançı təmsil edəcək. Veteranların mübarizəsinə AKF prezidenti, millət vəkili Adil Əliyev qatılacaq. Kişilər arasındakı döyüşlərə isə Zaur Məmmədov (51 kq), Emil Kərimov (54 kq), Nurlan Qədimov (57 kq), Eduard Məmmədov, Elnur Dəryagir (hər ikisi 60 kq), Bəxtiyar İsgəndərzadə, Emin Süleymanov (hər ikisi 63,5 kq), Araz Pirməmmədov (67 kq), Kənan Sadıqov (71 kq), Kamil Şərifov, Xəyal Əhmədov (75 kq), Fuad Zeynalov, Ehram Məcidov (hər ikisi 81 kq), Güloğlan Cabbarov (91 kq) və Hafiz Baxşəliyev (+91 kq) qatılacaq. Qalan idmançılar yeniyetmə və gənclərin yarışında çıxış edəcəklər. Dörd gün ərzində keçiriləcək döyüşləri hakim kimi ölkəmizdən yalnız Rəhim Allahverdiyev idarə edəcək.
0
0