Azərbaycanda ilk dəfə Bakıdan kənarda otüstü hokkey matçı keçirilib
28.04.2008 - 17:00
Azərbaycanda ilk dəfə Bakıdan kənarda otüstü hokkey matçı keçirilib
Bakı. Aqşin Əliyev - APA-Sport. Otüstü hokkey üzrə kişi və qadınlar arasında növbəti Azərbaycan çempionatı start götürüb. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, kişilərdən ibarət klubların turnirində 6 oyun olub.
A yarımqrupunda “Şahdağ” (Qusar) “Təhsil”i (Bakı) 4:0, “Akkord” (Bakı) “Kür”ü (Mingəçevir) 8:0, “Astara” (Astara) isə “Xəzər”i 3:0 hesabı ilə məğlub edib.
B yarımqrupunda da ən böyük hesablı qələbəni paytaxt təmsilçisi – “Atasport” qazanıb. Bakılılarla görüşdə “Şəki” 1:11 hesablı məğlubiyyətlə üzləşib. “Gənclik” (Sumqayıt) Gəncənin eyniadlı komandasını üstələyib – 2:0. Cəlilabad “Göytəpə”si isə Masallıda yerli “Olimp”in qapısından 9 cavabsız top keçirib.
Y.Nuriyev bildirib ki, açılış turunun ən maraqlı məqamı Bakıdan kənarda oyunların təşkil edilməsi ilə bağlıdır. Azərbaycan milli çempionatlar tarixində ilk dəfə iki matç (“Astara”-“Xəzər” və “Olimp”-“Göytəpə”) paytaxtda deyil, Masallı Olimpiya Kompleksində baş tutub. Qadınların mübarizəsinə gəlincə, Qusar “Şahdağ”ı Lənkəranın “Xəzər” komandasına 6:0 hesabı ilə qalib gəlib. Bundan başqa, “Bakı” “Nizami” üzərində qələbə qazanıb - 9:0. İlk turda “Atasport-2” klubu istirahət edib. Növbəti turun qarşılaşmaları 3-4 maya təyin olunub.
0