Avarçəkmə növlərinə maraq göstərən məktəblilərlə görüş keçirilib
29.04.2008 - 16:58
Avarçəkmə növlərinə maraq göstərən məktəblilərlə görüş keçirilib
Bakı. Elşən Məmmədov-APA-Sport. Bu gün Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF ) rəhbərliyi Bakı şəhərində avarçəkməyə maraq göstərən 100-dək şagirdlə görüş keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, Hərbi Dəniz Qüvvələrinin İdman Klubu nəzdində fəaliyyət göstərən avarçəkmə bazasındakı hovuzda təşkil olunan görüşə paytaxtın Yasamal və Səbayel rayonlarındakı orta məktəblərdə təhsil alan şagirdlər qatılıb. Tədbiri açan AMAF-ın baş katibi Fikrət Zeynalov ölkəmizdə avarçəkmənin tarixi haqqında məlumat verib. F.Zeynalov hazırda akademik avarçəkmə, kayak və kanoe növlərinin daha çox inkişaf etdiyini bildirib. Baş katib şagirdlərlə görüşün ölkəmizdə zəngin tarixi ənənələrə malik avarçəkmənin yenidən populyarlaşması istiqamətində bir tədbir olduğunu deyib. Akademik avarçəkmə, kayak və kanoe üzrə yığma komandalarımızın üzvləri konsept və qayıqlarda şagirdlər qarşısında nümunəvi çıxışlar ediblər. Sonra tribunadan qayıqlara dəvət olunan şagirdlərə yığma komandalarımızın üzvləri akademik, kayak və kanoe qayıqlarında avar çəkməyin sirlərini öyrədiblər. Tədbirin sonunda məktəblilərə üzərində AMAF-ın loqosu əks olunmuş qələm, kepka və vımpellər paylanıb. Şagirdlər isə avarçəkmə bölmələrinə yazılıblar.
0