“Mançester Yunayted” 9 ildən sonra Çempionlar Liqasının finalında oynayacaq
30.04.2008 - 10:05
“Mançester Yunayted” 9 ildən sonra Çempionlar Liqasının finalında oynayacaq
Mançester. Elşən Məmmədov – APA-Sport. Mayın 21-də Rusiyanın paytaxtı Moskvadakı “Lujniki” stadionunda təşkil olunacaq UEFA Çempionlar Liqasının (ÇL) final matçında İngiltərə klubları qarşılaşacaq. “APA-Sport” agentliyinin məlumatına görə, “Mançester Yunayted” 9 ildən sonra ÇL-in həlledici görüşündə çıxış etmək hüququ qazanıb. Baş məşqçi Aleks Ferqyussonun komandası yarımfinal mərhələsinin cavab oyununda “Barselona”nı məğlubiyyətə uğradıb. “Mançester Yunayted”in 1999-cu ildə “Bavariya” (Almaniya) üzərində 2:1 hesablı qələbə sayəsində ÇL-i qazandığı “Nou Kamp” stadionunda ötən həftə kataloniyalılarla keçirdiyi ilk görüş heç-heçə nəticələnmişdi. “Old Trafford”dakı qarşılaşmada isə mançesterlilər minimal hesablı qələbə sayəsində finala vəsiqə əldə ediblər. Yeganə topu 9 il öncə ÇL-in kubokunu başı üzərinə qaldırmış və qitənin ən nüfuzlu klub turnirində 101-ci matçına çıxan 33 yaşlı Pol Skoulz vurub. Digər finalçı bu gün müəyyənləşəcək. “Mançester Yunayted”in rəqibi istənilən halda İngiltərə təmsilçisi olacaq. Belə ki, yarımfinalda üz-üzə gələcək “Çelsi” və “Liverpul” klubları “Dumanlı Albion”u təmsil edir. Bu komandalar arasında ötən həftə Liverpulda keçirilmiş ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

“Mançester Yunayted” – “Barselona” - 1:0
Skoulz, 14
İlk görüş - 0:0
0