Kyokuşinkay karate üzrə Dünya Kuboku Bakıda keçiriləcək
12.05.2008 - 15:10
Bakı. Elşən Məmmədov-APA-Sport. 2007-ci il fevralın 3-də yaradılan Beynəlxalq Kyokuşinkay Karate Təşkilatının (İKKO) rəhbərliyi bu gün mətbuat konfransı keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan jurnalistlərlə görüşdə İKKO-nun prezidenti Teyyub Əzizov artıq Ədliyyə Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən qeydiyyata alındıqlarını söyləyib. T.Əzizov dünya idman federasiyalarının prezidentləri arasında ilk azərbaycanlı olduğunu vurğulayaraq, indiyədək 54 ölkənin quruma üzv qəbul edildiklərini bildirib: “Əvvəllər Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının 224 üzvü vardı. Bu idman növünün yaradıcısı Sosama Sosoyama 1994-cü ildə vəfat etdikdən sonra bu federasiya dörd ayrı-ayrı quruma parçalandı. Hazırda onlardan üçü Yaponiyada yerləşir. Amma Uzaq Şərqdə yerləşdiyindən, Yaponiyaya yollanmaq bir çox ölkələr üçün əlverişli deyil. Ona görə də müxtəlif dövlətlərin federasiya rəhbərlərinin təklifi ilə yeni beynəlxalq təşkilat yaradıldı və mən prezident seçildim”. Dünyada 50 milyondan çox insanın kyokuşinkay karate növü ilə məşğul olduğunu deyən İKKO prezidenti bildirib ki, əsas məqsədləri bu növün Beynəlxalq Olimpiya Komitəsi (İOC) tərəfindən tanınmasına və Olimpiya Oyunlarının proqramına salınmasına nail olmaqdan ibarətdir. T.Əzizov bu məsələdə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi tərəfindən lazımi dəstəyi aldıqlarını vurğulayıb: “2007-ci ildən ölkəmizdə fəaliyyət göstərən bütün karate qurumlarına Gənclər və İdman Nazirliyi tərəfindən maliyyə ayrılır. Bu il noyabrın 9-da kyokuşinkay karate üzrə Dünya Kubokunu Bakıda təşkil edəcəyik. Yarışa ölkəmizin 16, dünyanın müxtəlif qitələrindən isə hərəyə 4 komanda qatılacaq. 2016-cı il Yay Olimpiya Oyunları Bakıda keçirilərsə, bu növün Olimpiadanın proqramına salınması üçün imkanlarımız artacaq”.
0
0