Azərbaycanın sərbəst güləş yığması Mahaçqalada keçirilən beynəlxalq turnirdə bir bürünc medal qazanıb
12.05.2008 - 16:12
Azərbaycanın sərbəst güləş yığması Mahaçqalada keçirilən beynəlxalq turnirdə bir bürünc medal qazanıb
Mahaçqala. Elşən Məmmədov-APA-Sport. Rusiyanın Mahaçqala şəhərində sərbəst güləş üzrə Əli Əliyevin xatirəsinə keçirilən beynəlxalq turnirə yekun vurulub. Yarışda iştirak edən Azərbaycan yığması cəmi bir medal qazanıb. Bu haqda «APA-Sport» agentliyinə millimizin məşqçisi Rövşən Umudov məlumat verib. Onun sözlərinə görə, yalnız 55 kq çəkidə çıxış edən Ceyhun Əliyev bürünc medalla kifayətlənib. R.Umudov zəif nəticəni turnirdə yığmamızın aparıcı üzvləri Zəlimxan Hüseynov (60 kq), Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayevin (120 kq) mübarizə aparmaması ilə izah edib. Əvəzində 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanan güləşçilərimizdən yalnız Namiq Sevdimov döşək üzərinə çıxıb. Amma N.Sevdimov Olimpiadaya vəsiqə əldə etdiyi 55 kq yox, 60 kq çəkidə qüvvəsini sınayıb.
Qeyd edək ki, güləşçilərimiz turnir öncəsi Mahaçqalada Dağıstan, Kuba, Türkiyə və Monqolustan pəhləvanları ilə birgə iki həftəlik təlim-məşq toplantısı keçiblər.
0