Elçin Cəfərov: “Yuxarıdan danışıb zəif nəticə göstərmək, boşboğazlıq və səviyyəsizlikdən başqa bir şey deyil”
12.05.2008 - 17:10
Elçin Cəfərov: “Yuxarıdan danışıb zəif nəticə göstərmək, boşboğazlıq və səviyyəsizlikdən başqa bir şey deyil”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının baş məşqçisi Elçin Cəfərov deyib. Onun sözlərinə görə, İtaliyanın paytaxtı Romada başa çatan “Milone Trophy” adlı 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I təsnifat turnirində pəhləvanlarımız 3 lisenziya qazanmaqla, böyük uğura imza atıblar. Dünya və Olimpiya çempionu Fərid Mansurovla (66 kq) Avropa çempionu Rövşən Bayramovun (55 kq) Pekin Olimpiadasına hazırlıq prosesi ilə məşğul olduğundan, Romaya yollanmayan E.Cəfərov güləşçilərimizin heç bir ölkə idmançısından zəif olmadıqlarını vurğulayıb: “Mən həmişə demişəm ki, güləşçilərimiz heç bir ölkənin pəhləvanlarından zəif deyillər. Sadəcə, indiyədək gah hakimlərin, gah da idmançılarımızın gözlənilməz səhvlərindən Olimpiadaya cəmi iki lisenziya qazanmışdıq. Amma bu dəfə səfər öncəsi güləşçilərimizlə federasiya rəhbərliyi səviyyəsində çox ciddi söhbətimiz oldu. Onlara “Pekin qatarı”nın, heç olmasa, axırıncı vaqonlarında getmək şanslarının qaldığını bildirdik. Nəticədə 5 güləşçimizdən 3-ü qarşılarına qoyulan vəzifənin öhdəsindən gəldilər”. Bununla belə, E.Cəfərov bəzi çatışmazlıqların hələ qaldığını söyləyib: “Təbii ki, səhvlər də var. Məsələn, Şalva Qadabadze sona 10, Vitali Rəhimov isə 5 saniyə qalmış rəqiblərinə xal verərək, qələbədən məhrum olublar. Halbuki daha çox Qadabadzedən lisenziya gözləyirdim. Digər çatışmazlığımız parter vəziyyətləri ilə bağlıdır. 23-25 mayda Serbiyanın Novi Sad şəhərində keçiriləcək növbəti Olimpiya təsnifat turnirinədək bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.
Qeyd edək ki, Romada 5 güləşçimizdən 3-ü - Vitali Rəhimov (60 kq), İlqar Abdulov (74 kq) və Anton Botev (120 kq) Pekin Olimpiadasına lisenziya qazanıb. 84 və 96 kq çəki dərəcələrində çıxış edən idmançılarımız isə son şans sayılan Serbiyanın Novi Sad şəhərində keçiriləcək II təsnifat turnirində Olimpiya Oyunlarına vəsiqəyə yiyələnmək üçün ilk 3 yerdən birini tutmalıdırlar.
0