Olimpiya mükafatçısı İradə Aşumova: “Avropa ölkələrindən aldığım təkliflərdən birini qəbul edəcəyim istisna deyil”
13.05.2008 - 11:58
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın güllə atıcılığı üzrə milli komandasının üzvü İradə Aşumova deyib. Afina Yay Olimpiya Oyunlarının bürünc medalçısı bildirib ki, mayın 15-də Almaniyanın Münhen şəhərində start götürəcək Dünya Kubokuna yollana bilməməsində Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) rəhbərliyi günahkardır: “Nazirlik rəsmiləri Pekin Olimpiadasına lisenziya qazana bilmədiyim üçün məni Almaniyaya göndərmədilər. Ancaq bunu çox kobudcasına etdilər. Halbuki belə ögey münasibətə layiq deyildim. Məni nazirliyə çağırmalı, Dünya Kubokunun qarşıdakı mərhələsinə cavan idmançıları yollayacaqlarını deməli idilər”. İ.Aşumova gənc güllə atıcılarının beynəlxalq turnirlərdə çıxış etməsinin əleyhinə olmadığını söyləyib: “Guya mən istəmirəm ki, cavanlar da yarışlara getsinlər? Məgər gəncləri turnirlərə göndərəndə mənə qarşı belə etmək lazım idi? Baş məşqçim, eyni zamanda həyat yoldaşım olan Vladimir Lunyov ötən ay Gənclər və İdman Nazirliyinə gedərək, səfər xərclərini istəyib. Amma ona bildiriblər ki, sən və Aşumova Almaniyaya getməyəcəksiniz. Məni təqaüdə göndərmək fikrindədirlərsə, bunun münasib yolu var. Keçmiş SSRİ dövründə kimisə təqaüdə göndərəndə ziyafət verir, bir-iki xoş söz söyləyib yola salırdılar. Artıq Gənclər və İdman Nazirliyində oturanların gözləri məni və Vladimir Lunyovu götürmür”. 50 yaşlı idmançı vurğulayıb ki, bu ilin əvvəlində prezident təqaüdü almağa namizədlərin sənədləri toplanarkən də AGİN tərəfindən ona soyuq münasibət göstərilib: “Prezident təqaüdü almağa namizəd idim. 25 ildən artıqdır idmanda olmağım, olimpiada, dünya çempionatının mükafatını qazanmağım, iki dəfə “Tərəqqi” ordeninə layiq görüldüyüm barədə sənədləri nazirliyə təqdim etdim. Ancaq onlar ciddi-cəhdlə mənim prezident təqaüdçüləri siyahısına düşməyimə maneçilik törətdilər. Əgər mən təqaüd ala bilmədimsə, bu, başqalarına niyə verildi?” Bunlara baxmayaraq, ölkəmizin ən titullu güllə atıcısı heç yerə şikayət etmək fikrində olmadığını deyib: “Hansısa orqanlara şikayətlənmək, hay-küy salmaq mənim xarakterimə ziddir. Belə olsaydım, bəlkə də mənə yüksək bir vəzifə tapşırılmışdı. Görünür, Allah məni sınağa çəkir. İnsani hisslərimi yenə qoruyaraq, bu imtahandan üzüağ çıxmağa çalışıram”. İ.Aşumova Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməməsinə də toxunub. Onun sözlərinə görə, Beynəlxalq Atıcılıq İdmanı Federasiyası coğrafi amili nəzərə aldığı üçün hər ölkəyə bir “wild-card” təqdim edib: “Mən heç vaxt bu işlərə qarışmırdım. Lisenziya qazanmayan güllə atıcılarının reytinq cədvəlində birinci pillədə qərarlaşdığımdan, Pekin Olimpiadasına yollanmağıma şərait yaradılacağını düşünürdüm. Amma beynəlxalq federasiyanın çıxardığı rəsmi qərarda Azərbaycandan Zemfira Meftahəddinovaya “wild-card” verildiyi yazılmışdı. Zemfiraya və digər idmançılarımıza olimpiadada uğurlar arzulayıram”. Güllə atıcısı bu yaxınlarda xarici ölkələrdən təklif aldığını da gizlətməyib: “Xarici ölkələrdən zəng vurub soruşurlar ki, nəyə görə Dünya Kubokuna gəlmirsən? Cavabında deyirəm ki, mənə evdə oturmaq tapşırılıb. Avropanın adlarını açıqlamaq istəmədiyim iki ölkəsindən təklif almışam. Bu dəvətlərdən birini qəbul edəcəyim istisna deyil”.
0
0