Türkiyə Nihatı itirib
22.06.2008 - 11:26
“APA-Sport”un məlumatına görə, baş məşqçi Fatih Terim iyunun 25-də İsveçrənin Bazel şəhərində keçiriləcək ½ final matçında komandanın lideri Nihat Qəhvəçinin xidmətindən yararlana bilməyəcək. Xorvatiya ilə ¼ final matçında əzələsini dartdığından əvəzlənən kapitanın zədəsi ciddidir və onun üçün “Avro-2008” artıq başa çatıb. Belə ki, müayinə 29 yaşlı hücumçunun 6 həftə yaşıl meydandan kənardan qalacağını aşkara çıxarıb. Xorvatlarla görüşdə cəzalı duruma düşən müdafiəçi Əmrə Aşiq, orta xətt oyunçusu Arda Turan və hücumçu Tuncay Şanlı da almanlara qarşı oynamayacaqlar. Qapıçı Volkan Dəmirəlin cəza müddəti başa çatmadığı üçün o da yarımfinal görüşündə iştirak etməyəcək. Zədəli müdafiəçilər Sərvət Çətinlə Əmrə Güngör, həmçinin yarımmüdafiəçi Tümər Mətin də zədə səbəbindən meydana çıxa bilməyəcəklər. F. Terim almanlarla görüşdə müdafiə xəttində yaranmış boşluğu doldurmaq üçün taktiki dəyişikliklərə əl atacaq. Belə ki, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Mehmet Topalı müdafiənin mərkəzinə çəkməyə qərar verən F. Terim onu Gökhan Zanla yanaşı oynadacaq. Türkiyəli mütəxəssis belə problemlərin yaranma ehtimalını göz önünə gətirərək “Avro-2008”ə bəzi hazırlıq matçlarında gənc M. Topalı müdafiənin mərkəzində sınayıb. Bu futbolçunu dayaq yarımmüdafiəçisi mövqeyində cəzası başa çatan Mehmet Aurelio əvəzləyəcək. Türkiyə yığmasının əsas kapitanı Əmrə Belözoğlunun zədəsi isə düzəlib və fiziki hazırlığı normal olarsa, onun yarımfinalda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, 8 futbolçusunu itirən F. Terimin sərəncamında biri qapıçı olan 15 oyunçu qalıb.
Qeyd edək ki, 8 futbolçusunu itirən F. Terimin sərəncamında biri qapıçı olan 15 oyunçu qalıb.
0
0