Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunları çərçivəsində çimərlik güləşi üzrə yarışa yekun vurulub.
Apasport.az xəbər verir ki, Tunar Quliyev (70 kq) və Elgün Kərimli (80 kq) qrup mərhələsində keçirdikləri hər üç görüşdən qələbə ilə ayrılaraq yarımfinala yüksəliblər.
Tunar Quliyev ukraynalı Mikita Kuzmenkoya 2:0 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb. Finalda isə gürcüstanlı Luka Maxaradzeni 3:1 hesabıyla məğlub edən idmançımız Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi olub.
Elgün Kərimli yarımfinalda seneqallı Ablaye Diufa heç bir şans tanımayıb – 5:0. Həlledici görüşdə Gürcüstanı təmsil edən soydaşımız Nurəddin Mustafayevə 3:1 hesabıyla qalib gələn güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Tunar Quliyev və Elgün Kərimli Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qızıl medalı boyunlarından asıblar. Xatırladaq ki, ötən gün Nihad Süleymanlı (80 kq) gümüş medal qazanıb. Bu nəticəylə 70 xal toplayan millimiz komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (61) ikinci, Seneqal (58) isə üçüncü pillədə qərarlaşıb.