Şahin Diniyev: “Rusiya Avropa çempionatındakı oyunu Azərbaycana qarşı göstərə bilməyəcək”
23.06.2008 - 12:43
Şahin Diniyev: “Rusiya Avropa çempionatındakı oyunu Azərbaycana qarşı göstərə bilməyəcək”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev deyib. Avropa çempionatının 1/4 final mərhələsində baş tutan Hollandiya - Rusiya (1:3) matçını dəyərləndirən 42 yaşlı çalışdırıcı bildirib ki, şimal qonşularımız bütün parametrlərdə rəqibdən üstün nəzərə çarpıblar: “Rusiyalılar fiziki, taktiki, texniki, psixoloji cəhətdən daha yaxşı təsir bağışlayırdılar. Bu üstünlüyü komandanın orta yaş həddinin Hollandiya ilə müqayisədə az, təxminən 25 olması ilə əlaqələndirmək olar. Van Bastenin yetirmələri rəqib imkan verdiyi qədər oynaya bildilər. Qarşı tərəf sürətli hücumlar qurduğu və topu itirən kimi pressinq tətbiq etdiyi üçün hollandiyalıların fikirləşməyə vaxtları olmurdu”. Ş.Diniyev bu görüşün nəticəsinə kənar amillərin, yəni bukmeyker kontorlarının təsir göstərib-göstərmədiyi barədə konkret fikir söyləyə bilməyib: “Çünki biz meydanda gördüyümüzə əsasən, rəy veririk. Fakt budur ki, Rusiya fantastik oynadı. Bəlkə də bu, ölkənin müstəqilliyi tarixində ən möhtəşəm oyunu idi. Ona görə də matçdan sonra müxtəlif şayiələrin yayılmasını təbii qarşılamaq lazımdır. Meydançaya çıxanda tarix unudulur. Hollandiyanın ardıcıl 3 qələbəsi, favorit olması, rəqibin qrup səddini çətinliklə adlaması arxa planda qalır. Və yeni tarix yazılır ki, bunu da rusiyalılar bacardılar”. Ş.Diniyev milli komandamızın dünya çempionatının seçmə mərhələsində Rusiya ilə keçirəcəyi görüşlərə də toxunub. Məşqçinin sözlərinə görə, Rusiya qitə birinciliyindəki oyunu yığmamıza qarşı göstərə bilməyəcək: “Şübhəsiz ki, həm Almaniya, həm də Rusiya Azərbaycan milli komandasından qat-qat güclüdür. Ancaq rusiyalıların eyni oyunu bizə qarşı göstərəcəklərini düşünmürəm. Seçmə matça 9 ay qalıb. Həmin vaxtadək Rusiya güclənə də bilər, zəifləyə də. Lakin oyuna köklənmə, fiziki, psixoloji durumu nəzərə alsaq, rusiyalıların yığmamızla matçda eyni cür çıxış edəcəkləri inandırıcı görünmür. Onlar indikindən ya zəif olacaqlar, ya da güclü”.
0