Almaniya yığması Avropa çempionatlarında 25 ildir Türkiyəyə qol vura bilmir
23.06.2008 - 15:09
Almaniya yığması Avropa çempionatlarında 25 ildir Türkiyəyə qol vura bilmir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Almaniya milli komandası Avropa çempionatlarında 25 ildir Türkiyəyə qol vura bilmir. “APA-Sport” agentliyinin məlumatına görə, türkiyəlilər Avstriya və İsveçrədə keçirilən XIII Avropa çempionatının yarımfinalında qarşılaşacağı rəqibi ilə indiyədək 17 dəfə görüşüb. Cəmi 3 qələbə və 3 heç-heçəsi olan Türkiyə yığması 11 dəfə məğlub olduğu Almaniyanın qapısına 10 qol vurub, 40-nı buraxıb. İyunun 25-də keçiriləcək görüşdə rəqib olan komandalar qitə birinciliyinin final mərhələsində ilk dəfə üz-üzə gəlsə də, 8 dəfə seçmə oyunlarda qarşılaşıb. Bu oyunlarda 4 qələbə və 3 heç-heçəsi olan Almaniya millisi top fərqində də rəqibindən üstündür – 14:3. Amma AÇ-2000-in seçmə mərhələsi çərçivəsinə təsadüf edən son iki oyunda Türkiyə yığması üstün olub – 1:0 və 0:0. Almaniyalılar qitə birinciliyində son dəfə 25 il əvvəl rəqib qapısına yol taparaq qələbə qazanıb – 5:1. Daha iki dəfə dünya çempionatının final mərhələsində üz-üzə gələn rəqiblər 7 dəfə yoldaşlıq oyunlarında qüvvəsini sınayıb. Son rəsmi oyunlarda olduğu kimi, son yoldaşlıq görüşündə də türkiyəlilər üstün olub – 2:1. Almaniya yığması axırıncı dəfə 1992-ci ildə qələbə qazanmağa nail olub. 16 ildir rəqibinə uduzmayan Türkiyə həmin yoldaşlıq matçında 0:1 hesabı ilə məğlub olmuşdu. O vaxtdan iki dəfə rəqibini üstələyən Türkiyə millisi yalnız bir görüşdə heç-heçə ilə kifayətlənib.
0