22 ölkənin milli komandası Bakıya gəlir
23.06.2008 - 15:22
22 ölkənin milli komandası Bakıya gəlir
Bakı. Elşən Məmmədov - APA-Sport. İyunun 27-də Bakıda start götürəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə “Qızıl Qran-Pri” turnirinin final mərhələsinə qatılacaq ölkələrin adları açıqlanıb. Bu haqda “APA-Sport” agentliyinə Güləş Federasiyasında milli komandaların rəisi Yaqub Məmmədov məlumat verib. Onun sözlərinə görə, nüfuzlu turnirə 22 dövlətin təmsilçiləri təşrif buyuracaqlar. Belə ki, Azərbaycan güləşçiləri ilə yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Monqolustan, İngiltərə, Macarıstan, Moldova, Serbiya, Bolqarıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, Polşa, Rumıniya, Yaponiya, Finlandiya, Çexiya, Misir, Palau, Fransa, İran və ABŞ pəhləvanları da yarışda qüvvələrini sınayacaqlar. Y.Məmmədov bəzi ölkələrin turnirdə əsas heyətlə təmsil olunmayacaqlarını etiraf edib: “Rusiya, ABŞ, Türkiyə kimi aparıcı güləş ölkələri 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə təlim-məşq toplantısında olduqlarını səbəb göstərərək, əsas heyət üzvlərini Bakıya gətirə bilməyəcəklərini söyləyiblər. Rusiya yığmasının məşqçiləri ilə danışmışam. Onlar yarışda kiçik tərkibli nümayəndə heyəti ilə təmsil olunacaqlar. Kuba yığması isə ümumiyyətlə, turnirə qatılmayacaq. Deyirlər ki, yol pulumuz yoxdur”.
Qeyd edək ki, “Qızıl Qran-Pri” turnirinin final mərhələsində hər çəkidə qızıl medal qazanana 5000, finalçıya 3000, bürünc medalçılara 2000 dollar məbləğində pul mükafatı veriləcək.
0