Məşqçisi Ramil Quliyevin problemini həll etmək üçün Bakıya gəlir
12.08.2011 - 12:14
Məşqçisi Ramil Quliyevin problemini həll etmək üçün Bakıya gəlir
Azərbaycan milli komandasını Türkiyəyə dəyişən sprinter Ramil Quliyevin London-2012-də iştirak etmək üçün vətənə qayıda bilər. Bu barədə məlumatı apasport.az saytına atletika yığmamızın baş məşqçisi Məhərrəm Sultanzadə verib.

Onun sözlərinə görə, ötən ay Quliyevin şəxsi məşqçisi Oleq Muxinə rəsmi müraciət olunsa da, hələ cavab alınmayıb. Çünki Muxin bu məsələni Bakıda həll etmək istəyir.

Sultanzadə bildirib ki, 2013-cü ilədək “ay-ulduzlu” formanı geyinə bilməyəcək Ramilin bu 2 ildə ölkəmiz adından çıxış edib-etməyəcəyinə avqustun sonunda tam aydınlıq gələcək: “Muxin müraciətimizin Bakıda həll olunmasını istədi. O, bu ayın sonlarında məzuniyyətə çıxacaq. Şəxsi işləri və Ramilin məsələsini həll etmək üçün paytaxtımıza gələcək. Həmin vaxt onunla rəsmi görüş olacaq. Federasiya rəhbərliyi idmançı ilə bağlı təkliflərini verəcək və onun üçün hər cür şərait yaradılacaq. Burada yəqin ki, yekun qərar veriləcək”.

Qeyd edək ki, Quliyev Azərbaycan yığmasına qayıtmasa, nəinki Türkiyə, heç bir ölkənin adından çıxış edə bilməyəcək. Bu isə onun London-2012-ni boşa verməsi ilə nəticələnəcək.