Yusif Fuladzadənin millimizdə debüt edəcəyi yarış müəyyənləşdi
06.09.2011 - 14:45
Yusif Fuladzadənin millimizdə debüt edəcəyi yarış müəyyənləşdi
Ağır atletika üzrə gənclər arasında Rumıniyada keçiriləcək Avropa çempionatına yollanacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 9-18-də Buxarestdə baş tutacaq yarışda ölkəmiz 6 idmançı ilə təmsil olunacaq.

20 yaşa kimi atletlərin mübarizəsində podiuma Firudin Quliyev, Nicat İbrahimov (hər ikisi 69 kq), Kamran İsmayılov (77 kq) və Mirhüseyn Hüseynov (85 kq) çıxacaqlar. 23 yaşa kimi idmançılar arasında isə həmyerlilərimizdən Rauf Nəbiyev (62 kq) və Yusif Fuladzadə (105 kq) qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Fuladzadə Avropa çempionatında yığmamızın heyətində debüt edəcək. Əslən Cənubi Azərbaycandan olan atlet bu ilin əvvəlində milliləşdirildiyindən hələ ölkəmiz adından yarışlara qatılmayıb.

İdmançılarımız səfərə baş məşqçi Xanlar Nəbiyev və məşqçi Azad Nurməmmədovun rəhbərliyi altında sentyabrın 8-də yollanacaq.