Hollandiya yığması Avro-2012-də!
08.09.2011 - 08:38
Hollandiya yığması Avro-2012-də!
Avro-2012-nin final mərhələsində çıxış edəcək daha bir komandanın adı məlum olub. Apasport.az saytının məlumatına görə, Hollandiya yığması da Polşa və Ukraynada keçiriləcək qitə birinciliyində iştirak edəcək.

“Narıncılar” bu vəsiqəni seçmə mərhələnin Moldova ilə görüşündəki qələbədən (2:0) 1 gün sonra qazanıb. Belə ki, UEFA-nın divarları arasında aparılan hesablamalardan sonra qurum Hollandiyanın final mərhələsinə çıxdığını bəyan edib.

Məsələ ondadır ki, final mərhələsinə ötən matç çıxan Almaniya, həmçinin sentyabrın 6-da bu vəsiqəni təmin edən İspaniya və İtaliyadan fərqli “narıncılar” qrup qalibi adını təmin etməyib. Çünki hesabında 24 xal olan hollandlar nəzəri cəhətdən ilk pilləni İsveçə verə bilər. Lakin son 2 matçda məğlub olacağı halda belə onlar ən yaxşı qrup ikincisi olacaq.

Məsələ ondadır ki, 24 xalın 18-ni ilk 5 yerin sahibindən alan Bert van Marveykin yetirmələri qrup ikincisi olsa digər 2-ci yer sahibləri üçün əlçatmaz olacaq. UEFA-nın açıqlamasında da bu əks olunub: “UEFA Hollandiya yığmasının Avro-2012-nin final mərhələsində oynayacağını yalnız təsdiqləyə bilər. Onların 8 oyundan sonra 24 xalı var. Hollandların göstəricisi 2-ci yeri tutması mümkün olan bütün komandalardan yaxşıdır”.

Qeyd edək ki, qrupunda 2-ci yeri tutan 9 komandanın nəticələri müqayisə olunarkən 6-cı yerlə oyunlar nəzərə alınmır. Digər 8 oyunda ən yaxşı nəticəyə malik komanda birbaşa Avro-2012-yə yüksəlir, digərləri isə pley-offda qüvvəsini sınayacaq.