Azərbaycanla oyunda debüt edən və qayıdanlar
01.10.2011 - 10:22
Azərbaycanla oyunda debüt edən və qayıdanlar
Almaniyanın “Bayer” klubunun futbolçusu Ömər Toprak üçün Avro-2012-in seçmə mərhələsində Almaniya və Azərbaycan yığmaları ilə rəsmi oyunlar böyük önəm kəsb edəcək. Apasport.az saytının məlumatına görə, müdafiəçi ilk dəfə “ay-ulduzlular”ın heyətinə çağırılıb. Baş məşqçi Qus Hiddink Ömərə 28 nəfərlik ilkin heyətdə yer verib. Hollandiyalı mütəxəssis tanınmış futbolçular – “Beşiktaş”dan milliləşdirilən braziliyalı yarımmüdafiəçi Mehmet Aurelio ilə Fransanın PSJ klubunun hücumçusu Mövlut Erdinci isə düz 1 illik fasilədən sonra milliyə qaytarıb. Onlar son olaraq cari seçmə mərhələnin ötən ilin oktyabrın 8-də Almaniya, 12-də Azərbaycanla səfər oyununa çağırılmışdı. Ancaq Aurelio Bundestimlə görüşün 24-cü dəqiqəsində ciddi zədələndiyindən, oyunu davam etdirə bilmədi. O, uzun müddətə sıradan çıxdığından, Bakıdakı görüşdən kənarda qaldı. Mövlut isə Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 hesabı ilə uduzduqları matçda start heyətində meydana çıxdı.

Qeyd edək ki, Türkiyə Almaniya ilə İstanbulda oktyabrın 7-də, millimizlə 11-də görüşəcək.