“Kəpəz”in prezidenti özündən çıxdı
03.10.2011 - 10:01
“Kəpəz”in prezidenti özündən çıxdı
“Sumqayıt-Şəhər”lə oyunadək bir dəfə də hakimlər barədə fikir söyləməmişəm. Lakin bu matçın baş hakimi Rauf Cabbarovun komandamızı açıq-aşkar sıxması, qonaq komandanın qapıçısına qırmızı əvəzinə sarı vərəqə göstərməsi artıq məni də özümdən çıxardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz” klubunun prezidenti Elmir Əliyev deyib.

O, Azərbaycan Premyer Liqasının VIII turunun “Sumqayıt Şəhər”lə oyununda hakimlərin ifasında baş verənlərdən sonra bu ədalətsizliklərə münasibət bildirib: “Bəzi hakimlərin bizim komandanı meydanda daim sıxması, bizə qarşı birtərəfli mövqe tutmaları bizi çox üzür. Küllü miqdarda vəsaitlər xərclənir. Komanda da çox baxımlı futbol sərgiləyir. Ancaq bəzi hakimlər verdikləri yersiz və yaxud da qərəzli qərarları ilə əlimizi işdən soyudurlar. Belə hakimlik ictimaiyyətin futbola olan marağını öldürür”.

Əliyev bildirib ki, Cabbarov artıq neçənci dəfədir komandasına qarşı haqsızlıq edir: “I turda “Rəvan”la oyunu da bu ssenari ilə idarə edirdi. Bu dəfə isə nəinki təkcə baş hakim, elə yan hakimlər də yersiz ofsaytlar yaradırdılar”.

“Kəpəz” rəhbərliyi AFFA və PFL-in hakimlə bağlı qərar verəcəyinə ümid edir: “Yəqin ki, Hakimlər Komitəsi və Peşəkar Futbol Liqası hansısa ölçü götürəcək. Çalışırıq ki, Gəncənin adına layiq, mübariz komandası olsun. Buna mane olmaq istəyənlər, oyunu birtərəfli, qərəzli qərarlarla idarə edən bəzi hakimlər isə Azərbaycan futbolunun çiçəklənməsinə mane olanlardır. Qoy, ya onları Avropaya təcrübə keçməyə göndərsinlər, ya da hakimlikdən uzaqlaşdırsınlar. Premyer Liqa təcrübə toplamaq üçün deyil. Burada peşəkar klublar mübarizə aparır. Deməli, hakimlər də burada peşəkar olmalıdırlar”.