Villi Ruttenştayner: Bakıda sürprizlə qarşılaşa bilərik
03.10.2011 - 10:17
Villi Ruttenştayner: Bakıda sürprizlə qarşılaşa bilərik
“Qarşımızda duran əsas vəzifə Azərbaycan və Qazaxıstan yığmalarını udmaqdır. Minimum vəzifə hazırda olduğumuz 4-cü yerdən aşağı düşməməkdir. Mövqeyimizi qorumaq üçün Azərbaycan və Qazaxıstanla oyunlardan sərfəli nəticə ilə ayrılmalıyıq. Əks təqdirdə bu, bizim üçün biabırçılıq olar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin Avro-2012-in seçmə mərhələsində növbəti rəqibi olan Avstriya yığmasının baş məşqçi əvəzi Villi Ruttenştayner deyib.

Oktyabrın 7-də “Dalğa Arena”da millimizin qonağı olacaq Avstriya yığmasının çalışdırıcısı bildirib ki, komandasını Bakı və Astanada 2 ciddi sına gözləyir: “Rəqiblər bizimlə oyuna yüksək motivasiya olunublar. Əgər Azərbaycan və ya Qazaxıstanı qiymətləndirməsək, bizi xoş olmayan sürpriz gözləyəcək”.

Yığmasını çalışdırmağı özü üçün şərəfli vəzifə hesab edən mütəxəssis sərəncamına yığdığı ən yaxşı avstriyalı futbolçularla nəticə qazanmaq istəyir. Baş məşqçi olmağa can atmayan Ruttenştayneri indi əsas düşündürən futbolçuları son oyunlara daha yaxşı hazırlamaqdır: “Futbolçularımız oynadıqları çempionatlardan sonra yığmanın düşərgəsinə gələcək və oktyabrın 3-də hazırlığa başlayacağıq. Oyuna hazırlıqla bağlı 2 gün vaxtımız olacaq. Mərkəzdə oyun taktikasını kardinal dəyişməyimiz lazımdır. Futbolçulara komanda oyununu göstərməli olduqlarını aşılamaq istəyirəm. Belə səviyyəli futbolçuların istəyimi qısa müddətdə anlayacaqlarını düşünürəm”.