Avstriya yığmasında əcnəbi baş məşqçi
04.10.2011 - 11:23
Avstriya yığmasında əcnəbi baş məşqçi
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Avstriya yığmasının yeni baş məşqçisinin adı artıq bu gün müəyyənləşə bilər. Apasport.az saytının məlumatına görə, yerli futbol federasiyasının rəhbərliyi bu gün yeni baş məşqçi ilə bağlı müzakirələr aparacaq.

Ditmar Konstantininin istefasından sonra 2 oyunluq Villi Ruttensteynerə tapşırılan yığmanı növbəti seçmə mərhələyə çıxaracaq çalışdırıcı olmağa namizədlərin siyahısı genişdir. Lakin Avstriya mətbuatı artıq məsələnin həll olunduğunu və seçimin Marsel Kollerin üzərində dayandığını iddia edir.

51 yaşlı isveçrəli mütəxəssis 1980-1997-ci illərdə vətənində “Qrasshoppers”in şərəfini sadiqliklə qoruyub və 1982-1996-ci illərdə İsveçrə yığmasının formasını daşıyıb. Karyerasını bitirən kimi baş məşqçiliyə başlayan Koller vətənində “Vil”, “Sankt-Qallen”, “Qrasshoppers”, Almaniyada isə “Köln” və “Bohum”u çalışdırıb. 2009-cu ildən işsiz olan çalışdırıcı ilk dəfə yığmaya rəhbərlik edə bilər.