Albanlar Azərbaycanla oyun öncəsi baş məşqçi haqda qərar çıxardı
21.10.2011 - 10:28
Albanlar Azərbaycanla oyun öncəsi baş məşqçi haqda qərar çıxardı
Albaniya milli komandası Azərbaycan yığması ilə yoldaşlıq görüşü öncəsi baş məşqçi haqda qərar çıxarıb. Apasport.az saytının məlumatına görə, Albaniya Futbol Assosiasiyası xorvatiyalı çalışdırıcıları Yosip Kuje ilə müqaviləni uzatmayacağını rəsmən bəyan edib. Qurumun prezidenti Armand Duka bildirib ki, Kuje ilə yeni müqaviləni imzalamamaqları onun qarşıda duran vəzifəni yerinə yetirməməyi ilə bağlıdır.

2009-cu ilin mayında yığmada Ari Haanı əvəzləyən Kuje bunadək Ruanda milli komandasının və Yaponiyanın “Yunayted İtixara” klubunun baş məşqçisi olub. O, ötən il insult keçirib və bir neçə oyunda Albaniya yığmasına rəhbərlik etməyib. Kuje ölkəmizdən müdafiəçilər – Admir Teli, Ansi Aqolli (hər ikisi “Qarabağ”), Elvin Beçiri (“Xəzər Lənkəran”) və yarımmüdafiəçi Ervin Bulkunu (AZAL) yığmaya çağırıb.

Qeyd edək ki, millimiz noyabrın 11-də Tiranada albanların qonağı olacaq.