“Biz həmin məbləğdən daha çox pul təklif etmişik”
25.10.2011 - 17:02
“Biz həmin məbləğdən daha çox pul təklif etmişik”
“Bolqarıstan tərəfi ağzına gələni danışır. Mənim də məlumatım var ki, Bolqarıstan Milli Olimpiya Komitəsinin üzvü Stefka Kostadinova mətbuata Valentin Xristov və Boyanka Kostovanın Azərbaycan tərəfindən çıxış etməsinə icazə verildiyini deyib. Amma bizə hələ heç bir rəsmi sənəd gəlməyib”. Bunu apasport.az saytına Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov deyib.

O bildirib ki, Bolqarıstan Ağır Atletika Federasiyasının səyləri heç bir nəticə verməyəcək və Valentin Xristovla Boyanka Kostova millimizdə çıxış edəcək: “Onlar belə etməklə, məsələni qəlizləşdirirlər. Hər gün bir yeni fikir səsləndirirlər. Cəmi 16 yaşlı atletlər üçün 800 min avro deyib, dururlar. Bu rəqəmdən aşağı da düşmürlər. Belə olduqda, Azərbaycanda da bu yaşda perspektivli atletlər var. Lakin Xristov və Kostova da artıq ölkəmizin vətəndaşlarıdırlar. Onlar özləri də bir neçə dəfə qarşı tərəfə Bolqarıstan adından yarışlara qatılmaq istəmədiklərini bildiriblər. Digər tərəfdən də onların komandamızda çıxışına icazə verilməsə belə, cəmi 1 ildən sonra hər 2 idmançı Azərbaycan yığmasının şərəfini qoruyacaq. Artıq həmin vaxt onların heç bir şikayətləri olmayacaq”.

Əsgərovun sözlərinə görə, Bolqarıstan Ağır Atletika Federasiyası (BAAF) yerli mətbuata heç də düzgün olmayan məlumat verib: “O, bu idmançılar üçün biz tərəfindən 30 min avro verildiyini deməsi tamamilə yanlışdır. Əksinə, biz həmin məbləğdən daha çox pul təklif etmişik: 10 qat, bəlkə də hələ artıq. Bu sirdir, açıqlamayacağam. Amma əsas odur ki, razılığa gələ bilmirik”.

Qeyd edək ki, Bolqarıstan Milli Olimpiya Komitəsinin rəsmisi Xristov və Kostovanın Azərbaycanda iştirakına icazə verildiyini bildirsə də, Bolqarıstan Ağır Atletika Federasiyası bunun mümkün olmayacağını deyir.