Dopinq qalmaqalı azərbaycanlı idmançını qabağa saldı
31.10.2011 - 17:45
Dopinq qalmaqalı azərbaycanlı idmançını qabağa saldı
2010-cu ilin sentyabrında Türkiyənin Antalya şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında daha 2 idmançının dopinq testi müsbət nəticə verib. Apasport.az saytının məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizə aparan çinli Lyo Huey və rumıniyalı Ninel Mikulesku diskvalifikasiya edilib.

Bu isə analoji mundialda həmin çəkidə qüvvəsini sınayan Azərbaycan milli komandasının üzvü Sərdar Həsənov üçün uğurlu olub. Belə ki, mundialda birdən qaldırmada 145 kq, təkanla qaldırmada isə 175 kq, 2 hərəkətin cəmində isə 320 kq çəkini ram edən Həsənov yekunda 8-ci pilləni tutmuşdu. Ancaq bir neçə gün öncə Huey və Mikuleskunun cəzalandılması və nəticələrinin ləğv edilməsi səbəbindən Sərdar Həsənov 2 pillə irəliləyərək, 6-cı pilləyə yüksəlib.