Bolqarıstandan Azərbaycan yığmasına “yaşıl işıq”!
01.11.2011 - 10:16
Bolqarıstandan Azərbaycan yığmasına “yaşıl işıq”!
Ağır atletika üzrə Azərbaycan milli komandasına cəlb edilən bolqarıstanlı legionerlər - Boyanka Kostova və Valentin Xristovun yığmamızda çıxışına rəsmən icazə verilib. Apasport.az-ın Bolqarıstan mətbuatına istinadən məlumatına görə, perspektivli idmançılar noyabrın 5-də Parisdə start götürəcək dünya çempionatında millimizin heyətində debüt edə biləcəklər. Bu Azərbaycan və Bolqarıstan ağır atletika federasiyaları arasında ortaq məxrəcə gəlinməsindən sonra mümkün olub.

Qeyri-rəsmi məlumata görə, həmyerlilərimiz 2 atletin yığmamızın şərəfini qoruması üçün 400 min avro ödəyib. Bu bolqarıstanlıların əvvəlcədən istədikləri məbləğin yarısı qədərdir. Qiymətin endirimi yerli federasiyaya təzyiqlərdən sonra mümkün olub.

Bolqarıstan Ağır Atletika Federasiyasının prezidenti Nedelço Kolev idmançıların transfer qiyməti ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib: “Biz Azərbaycan tərəfi ilə razılığa gəlib Kostova ilə Xristovun dünya çempionatında bu ölkəni təmsil etməsinə icazə verdik. Onların Parisdəki mundialla yanaşı, London Olimpiadasındakı çıxışında da problem olmayacaq. Biz qiymətlə bağlı hələ danışıqlar aparırıq. Əldə olunacaq pul klubların və yığmaların hazırlığına yönələcək”.

Qeyd edək ki, Xristov və Kostova bir müddət öncə yığmamıza cəlb olunsalar da, Bolqarıstan tərəfi onların ölkəmiz adından çıxş etməsinə imkan vermirdilər.