“Azərbaycanda idmanın inkişafı üçün əla şərait var” - MÜSAHİBƏ
09.11.2011 - 17:59
“Azərbaycanda idmanın inkişafı üçün əla şərait var” - MÜSAHİBƏ
Fransanın paytaxtı Parisdə ağırlıqqaldırma üzrə dünya çempionatı davam edir. Noyabrın 13-də başa çatacaq mundialda Azərbaycan milli komandası hələ bir bürünc medala sevinib. Bu uğuru yığmamıza bolqarıstanlı legionerimiz Valentin Xristov (56 kq) qazandırıb. Apasport.az saytının məlumatına görə, Məşqçilər Şurasında yer alan və 17 yaşlı idmançının şəxsi məşqçisi olan Zlatan Vanev yetirməsinin fəxri kürsüyə yüksəlməsinə münasibət bildirib. O, Bolqarıstan mətbuatına verdiyi müsahibəsində Xristovun ölkəsindən imtina etməsinə və digər qaranlıq məqamlara da aydınlıq gətirib.

- Siz Valentin Xristovun bürünc medal qazanmasını necə şərh edərdiniz?
- Mən xoşbəxtəm. Çünki yetirməmin cəmi 17 yaşı var və o, böyüklərlə mübarizə aparır. Valentin dünya çempionatında 10 ən güclü arasına düşən yeganə avropalı oldu. Bu çəkidə əsas favoritlər Asiya təmsilçiləri idi. Lakin Xristov onlarla mübarizə aparmağı bacardı. Rəqabət böyük idi. Sevindiricidir ki, o, gənc olmasına baxmayaraq, yeni rekordlarla dünyada adından söz etdirdi. Xristovun dünya rekordu həm də başqa bir tarixi məqamla yadda qaldı. Dünyanın ən məşhur ağır atletika avadanlıqları şirkətlərindən olan “Eleiko” da idmançıya xüsusi mükafat verdi. Şirkət rəhbərliyi bu avadanlıqlarla vurulan sayca 1000-ci rekordun məhz Xristov tərəfindən qeyd edildiyini açıqladı. Tarixi anı mükafatla fərqləndirən “Eleiko” Azərbaycan milli komandasının üzvünə qiyməti 3300 avro olan “Eleiko ştanq komplekti” də təqdim etdi.

- Bunun Bolqarıstan milli komandasının heyətində baş vermədiyinə təəssüflənmirsiniz?
- Mən bolqarıstanlıyam. Bu ölkədə istedadlar var. Lakin baxın görün son illərdə bolqar idmançılar nə vəziyyətdədirlər? Buna görə də mən yalnız Azərbaycana təşəkkür edə bilərəm. Çünki bu ölkə bizim üçün iştirak imkanı yaratdı.

- Bəs az öncə Valentin Xristov və Boyanka Kostovanın Azərbaycana transferi ilə bağlı danışıqlarda hansı problemlər yaranmışdı?
- Bunu mən deyə bilmərəm. Mənim Bolqarıstanda Valentinə görə pul xərcləməyə heç bir imkanım yox idi. O, doğma vətənin möhtəşəm idmançısı hesab olunurdu. Lakin dövlət Xristova bir qəpik də belə vermədi. Bundan savayı, o Azərbaycanı Bolqarıstanda ciddi ağır atletika federasiyası olmadığına görə seçdi. Ümid edirəm ki, Valentin və Boyanka üçün verilən transfer pulu Bolqarıstanda ağır atletikanın inkişafına səmərəli xərclənəcək. Bu belə olsa idman həqiqət də inkişaf edə bilər. Bir çox adamlar hesab edirlər ki, Bolqarıstanda ağır atletika məktəbini bərpa etmək çətin olacaq. Amma bu idmançılara görə yaxşı pul ödənilib. Halbuki, həmin pula komanda almaq da pis olmazdı. Bəlkə də Bolqarıstandakı zəngin klublardan heç birinin belə imkanı yoxdur. Mən Valentinə görə şadam. O, 2,6 il ərzində heç bir yarışda çıxış etmirdi və birdən-birə böyüklər arasında dünya çempionatında uğur qazandı. Son 2 ildə bizim problemimiz çox olub.

- Bəlkə Valentin əsasən pula görə Azərbaycana gedib?
- 2010-cu ildə Xristov Bolqarıstan adından möhtəşəm yarışlarda 5 medal qazanmağa hazır idi. Mən nazir Neykova da minnətdaram. Çünki o, bu transferdə nəsə etməyə çalışdı. Yəni, biz Bolqarıstana qayıda bilməzdik. Orada bizə çox problemlər yaradılmışdı. Mənim qəti fikrim belədir ki, Valentin Azərbaycanın London-2012-də medal ümidi olacaq. Çünki bu ölkədə idmanın inkişafı üçün əla şərait var.

- Siz ağır atletika idmanında görkəmli şəxsiyyətsiniz. Atletlərimizin Bolqarıstanı tərk edib, Azərbaycana üz tutmasını nə ilə əlaqələndirərdiniz?
- Mən dünya çempionatında mətbuat konfransında bu bərədə sualı cavablandırmışam. Bir daha təkrar edirəm ki, bəzi məsələlər var ki, onları qəbul edə bilmərəm. Çünki maksimalistəm, bizim idmançıların məndən artıq uğur qazanmasını istəyirəm.

- Bolqarıstanda ağır atletika idmanında bu cür pis vəziyyətin yaranmasını nə ilə bağlayardınız? Həqiqətən də sabiq federasiya prezidenti Anton Kodjabaşev hər şeydə günahkardır?
- Bəli, bütün məsələlərdə günahkar onlardır. Bolqarıstanda çoxlu çempionlar var ki, onlar bir-birlərinə həsəd aparırlar və heç vaxt kiməsə kömək əli uzatmırlar. Bu da belə çətinliklər yaradır.