Uğur Pamuk “Sumqayıt”la ilk məşqinə çıxacaq
05.01.2012 - 09:57
Uğur Pamuk “Sumqayıt”la ilk məşqinə çıxacaq
“Sumqayıt” istirahəti başa vurub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Bernhard Raabın rəhbərlik etdiyi komanda bu gün Premyer Liqanın ikinci dövrəsi üçün hazırlıq mərhələsinə start verəcək. Komanda ilk məşqini saat 13:00-da Olimpiya Yığmalarının Təlim-Məşq bazasında keçirəcək.

“Sumqayıt”ın “Neftçi”dən mövsümün sonuna qədər icarəyə götürdüyü yeni transferi Tərlan Quliyevdən başqa, “TUS Dornberq”dən transfer olunan 22 yaşlı Azərbaycan əsilli yarımmüdafiəçi Uğur Pamuk da məşqdə iştirak edəcək.

Qeyd edək ki, “Sumqayıt”ın hazırlıq mərhələsi iki hissədən ibarət olacaq. Birinci hissədəki toplanış yanvarın 5-dən 15-dək Bakıda baş tutacaq. Hazırlıq mərhələsinin ikinci hissəsi isə Türkiyənin Antalya şəhərində olacaq. Klub Belek bölgəsinin “Limak Arkadia” otelində məskunlaşacaq. Yanvarın 16-dan 30-dək qonşu ölkədə təlim-məşq toplanışı keçəcək komanda 3 və ya 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Antalyada ilk rəqib isə Qazaxıstan Premyer Liqasında ikinci pillədə qərarlaşan “Jetisu” olacaq.

Sumqayıt təmsilçisinin 5 futbolçusu – Emil Balayev, Samir Yusifov, Ruslan Nəsirli, Orxan Əliyev və Şamil Camaləddinov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirdə iştirak etdiyi üçün hazırlıq prosesinə nisbətən gec qoşulacaq.