Ramil Quliyev: Özümü qarajda dayanmış “Ferrari” kimi hiss edirəm
25.01.2012 - 11:26
Ramil Quliyev: Özümü qarajda dayanmış “Ferrari” kimi hiss edirəm
“Hazırda özümü qarajda dayanmış “Ferrari” kimi hiss edirəm. Yalnız qaçış zolağına çıxmaq üçün can atıram”. Apasport.az saytının məlumatına görə, bunu 2011-ci ilin aprelində Türkiyə vətəndaşlığını qəbul edən azərbaycanlı atlet Ramil Quliyev deyib.

2009-cu ildə gənclər arasında Avropa çempionu olan həmyerlimiz beynəlxalq arenalarda çıxış üçün darıxdığını etiraf edib. Quliyev bildirib ki, ən böyük arzusu London-2012-də mübarizə aparmaq olsa da, bunun reallaşması üçün əvvəlcə rəsmi icazə olmalı və yarışlarda iştirak etməlidir: “Ay-ulduzlu” formanı geyinəcəyim vaxtın həsrətindəyəm. Baş nazirimiz Rəcəp Tayyip Ərdoğanla, gənclər və idman nazirimiz Suat Kılıçdan dəstək gözləyirəm. Ölkəm Azərbaycanın məni düzgün başa düşməsi və lazımı icazəni verməsi bu danışıqlara bağlıdır. Qaçış zolağına çıxaraq, yeni rekordlara imza atmaq arzusundayam. Qazanacağım medallara görə 2 qardaş ölkəni də sevindirəcəyimi və mənimlə qürur duyacaqlarını bilirəm”.

“Fənərbaxça”nın atletika şöbəsinin rəhbəri Fikrət Çətinkaya da Quliyevin Türkiyə yığmasında iştirakının tezləşməsi üçün lazımı tədbirlərin görülməsini vacib sayıb: “Biz klub olaraq, üzərimizə düşəni etdik və bir dünya ulduzunu Türkiyə vətəndaşlığına keçirdik. Artıq hər şey dövlət rəsmilərimizdən asılıdır. Quliyev Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında fəxri kürsüdə yer almaq gücündədir. Vaxt itirmədən görüşmələr başlamalı və rəsmi icazə alınmalıdır. Arxada qalan hər il Türkiyə adına itirdiyimiz 1 medal deməkdir”.

Qeyd edək ki, 2011-ci il aprelin 5-də Türkiyə vətəndaşlığını qəbul edən Ramil Azərbaycan Atletika Federasiyasının icazəsi olmadan 3 il “ay-ulduzlu” formanı geyinə bilməz. Bu isə onun beynəlxalq yarışlara qatılmasına və burada London-2012-yə lisenziya qazanmasına imkan vermir. Lakin qaydalara əsasən onun bu illərdə Azərbaycan millisində çıxış etmək hüququ var.