Dammam yalanı və ya Nəzərovdan sərt ittihamlar
13.02.2012 - 18:05
Dammam yalanı və ya Nəzərovdan sərt ittihamlar
Azərbaycan yığmasının sabiq baş məşqçisi Vahid Nəzərov Ağır Atletika Federasiyasının rəsmi saytının (aaaf.az) yalan məlumat yaydığını iddia edir. Bu barədə apasport.az saytına beynəlxalq dərəcəli hakim, London-2012-də ölkəmizi referi kimi təmsil edəcək Nəzərovun özü məlumat verib.

Belə ki, fevralın 4-də saytımızda gedən “Yığmamız İslam ölkələri arasında üçüncü yeri tutdu” sərlövhəli yazının həqiqətə uyğun olmadığı, lazımı faktlara söykənmədiyi məlum olub.

Nəzərov bildirib ki, aaaf.az saytında Səudiyyə Ərəbistanının Dammam şəhərində keçirilən ağır atletika üzrə I İslam Ölkələrinin Həmrəylik Çempionatı barədə işıqlandırılan bütün məlumatlarda saysız-hesabsız nöqsanlar var: “Bu sayt federasiyanın rəsmi saytı kimi fəaliyyət göstərsə də, burada faktlar təsbit olunur. Belə ki, yarışda Azərbaycan yığması 4 idmançı ilə iştirak etdiyi halda, burada 8 atletin adı yazılır. Bundan əlavə, Elxan Əliquluzadə pasportunda İsrail vizası olduğu üçün İstanbuldan geri qaytarılıb. Halbuki, Paşa İbrahimli ilə Firudin Quliyevin də pasportunda İsrail vizası vardı və onlar yarışa yollandılar. Daha sonra Dammama Nicat Rəhimovla Namiq Cəlilov da getmişdilər. Onlardan yarışa niyə qatılmadıqlarını soruşduqda bildirdilər ki, artıq çəkiləri var. Sual olunur, əgər artıq çəkiləri vardısa, onlar niyə səfərə aparılır və ya Dammama yollanıblarsa, niyə podiuma çıxmırlar? Axı bunların hamısına dövlət vəsait xərcləyir. Bu hadisə Kazanda Avropa çempionatı vaxtı da yaşanmışdı. Milliləşdirilən Valentin Xristovun Azərbaycan adından çıxış etməsinə icazə verilmədi və nəticədə komandamız yarışda iştirak etmədi. Halbuki, oraya idmançılarla yanaşı, məşqçilər, fizioterapevtlər və digər şəxslər də yollanmışdılar. Həmin vaxt bunun da səbəbi açıqlanmadı. İndi isə belə edirlər”.

Nəzərovun sözlərinə görə, yarışda iştirak etməyən 4 atletin adının yazılmasından əlavə, yığmamızın 3-cü yeri tutması da düzgün deyil: “Mən bu yarışda hakim olmuşam. Amma federasiya mənim adımı heç yerdə çəkməyib. Bundan əlavə, yığmamız da yarışda 3-cü yeri tutmayıb. Amma federasiyanın rəsmi saytı onların yalnız Misir və Səudiyyə Ərəbistanından geri qaldığını bildirib. Bunlar hamısı yanlışdır”.

Qarşı tərəf - Ağır Atletika Federasiyasının rəsmiləri də bəzi məlumatların səhv getdiyini təsdiqləyib. Qurumdan apasport.az saytına verilən məlumata görə, həmin yanlışlıqlar barədə bu gün söhbət olub və aradan qaldırılacaq: “Saytda komandamızın 3-cü yeri tutması səhvən yazılıb. Yığmamız I İslam Ölkələrinin Həmrəylik Çempionatında 5 qızıl və 3 gümüş medal qazanıb. Bu səbəbdən də yığmamız medalların əyarına görə 3-cü kimi qeyd olunmalı idi. Lakin komanda hesabında 18 ölkə arasında 7-ci yeri tutmuşuq. İdmançılarımızın səfərə 8 deyil, 4 idmançı ilə yollanması isə viza problemi ilə bağlıdır. Bununla yanaşı, hakim qismində Azərbaycanı Vahid Nəzərovun təmsil etməsini təsdiqləyirik”.