Ağır Atletika Federasiyasına ağır iddia
14.02.2012 - 12:48
Ağır Atletika Federasiyasına ağır iddia
Azərbaycan və Bolqarıstan ağır atletika federasiyaları arasında növbəti qalmaqal yaranıb. Apasport.az saytının məlumatına görə, bolqarlar milliləşdirilən Boyanka Kostova və Valentin Xristovun yığmamızın heyətində London Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoymaqla hədələyib.

Kostova və Xristov ötən il noyabrın 30-da tərəflər arasında bağlanan müqaviləyə əsasən 400 min avronun ödənilməsi qarşılığında yığmamızın üzvlərinə çevriliblər. İndi isə Bolqarıstan Ağır Atletika Federasiyası yeni şərtlər irəli sürüb. Onlar bildiriblər ki, azərbaycanlılar bolqar atletlərin London-2012-də xidmətindən yararlanmaq istəyirlərsə, müəyyənləşdirəcəkləri əlavə mükafatların ödənilməsi şərtlərini də yerinə yetirməlidirlər. Bu da onlara əlavə kompensasiyaların verilməsi anlamına gəlir.

Bolqarıstan Ağır Atletika Federasiyasının prezidenti Nedelço Kolev bildirib ki, Azərbaycanla bağladıqları müqavilədə Kostova ilə Xristovun Olimpiya Oyunlarında deyil, yalnız dünya və Avropa çempionatlarında iştiraklarına icazə verilib. Ancaq qarşı tərəf əlavə kompensasiyaların verilməsini müqavilədə nəzərdə tutulmadığını qətiyyətlə bildirib.

Bununla belə bolqarlar şərtlərində təkid etmək niyyətindədirlər və hüquqi məsələləri müzakirəyə çıxarmağa hazırdırlar.

Lakin Azərbaycan tərəfi rəsmən bildirib ki, əgər Kostova ilə Xristov Olimpiya Oyunlarında millimizin heyətində iştirakdan məhrum edilərlərsə, onda bolqarları məhkəməyə verib, maddi ziyanı tələb edəcəklər.

Qeyd edək ki, Xristov son dünya çempionatında Azərbaycan bürünc medal qazandırıb.