Ramil Quliyevin London Yay Olimpiya Oyunlarına yolu açılır
18.03.2012 - 15:56
Ramil Quliyevin London Yay Olimpiya Oyunlarına yolu açılır
Azərbaycanlı atlet Ramil Quliyevin London Yay Olimpiya Oyunlarında iştirak etmək ümidi gerçəkləşə bilər. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən il bu ölkənin vətəndaşlığını qəbul edən sprinterimizin məsələsinə tezliklə aydınlıq gələcək.

Belə ki, türklər İstanbulda keçirilən dünya çempionatında Beynəlxalq Atletika Federasiyasının (İAAF) prezidenti Lamine Dyarkla görüşərək, Quliyevin məsələsində kömək istəyiblər. Qurum rəsmisi də Ramilin İAAF-a ərizə ilə müraciət etməsini məsləhət görüb. Bundan dərhal sonra quruma rəsmi müraciət edən həmyerlimiz artıq müsbət cavab gözləyir.

Qeyd edək ki, 2011-ci il aprelin 5-də Türkiyə vətəndaşlığını qəbul edən Ramil Azərbaycan Atletika Federasiyasının icazəsi olmadan 3 il “ay-ulduzlu” formanı geyinə bilməz. Bu isə onun beynəlxalq yarışlara qatılmasına və burada London-2012-yə lisenziya qazanmasına imkan vermir. Lakin qaydalara əsasən onun bu illərdə Azərbaycan millisində çıxış etmək hüququ var.