İdmançımız məşqçisindən güclü çıxdı
26.03.2012 - 23:01
İdmançımız məşqçisindən güclü çıxdı
Almaniyada güllə atıcılığı üzrə ənənəvi beynəlxalq turnir keçirilir. Apasport.az saytının xəbərinə görə, yarışda azərbaycanlı snayperlər - yığmanın baş məşqçisi, Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova və onun oğlu Ruslan Lunyov da atəş xəttinə çıxıb.

London Olimpiadasına lisenziya qazanan İradə Aşumova kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmaqda 581 xalla 4-cü yeri tutub. Ruslan isə olimpiyaçıların yarışında 566 xalla üçüncü, qeyri-olimpiyaçıların qatıldığı yarışda isə 579 xalla ikinci yeri tutub.

Həmvətənlərimiz Almaniya turnirindən qayıtdıqdan sonra 17-25 aprel günlərində dünya kubokunun Londonda keçiriləcək mərhələ yarışına qatılacaqlar.