Valentin Xristov 3 Avropa rekordunu qırıb, 3 qızıl medal qazandı
10.04.2012 - 08:27
Valentin Xristov 3 Avropa rekordunu qırıb, 3 qızıl medal qazandı
Ağırlıqqaldırma üzrə Avropa çempionatı Azərbaycan yığması üçün uğurlu start götürüb. Apasport.az saytının məlumatına görə, Türkiyədə keçirilən qitə birinciliyinin ilk günündə podiuma çıxan hər 2 təmsilçimiz fəxri kürsüdə yer almağı bacarıb.

Belə ki, milli komandamızın üzvlərindən ilk olaraq, mübarizəyə Silviya Angelova (48 kq) qoşulub. İdmançımız birdən qaldırma hərəkətində hər 3 cəhdini uğurla yerinə yetirib. Silviya əvvəlcə 72 kq, ardından 75 kq, daha sonra isə 78 kq çəkini başı üzərinə qaldırıb ki, bu nəticə də ona birdən qaldırmada bürünc medal qazandırıb.

Təkanla qaldırma hərəkətində də uğurlu çıxış edən Silviya əvvəlcə 93 kq, sonra isə 97 kq çəkini ram edib. Lakin Angelova üçüncü cəhdində 98 kq-ın öhdəsindən gələ bilməsə də, rəqibləri də eyni aqibəti yaşayıblar və milliləşdirilmiş legionerimiz təkanla qaldırma hərəkətində də üçüncü yeri tutub.

Beləliklə, toplamda 175 kq (78 kq + 97 kq) çəkinin öhdəsindən gələn idmançımız ümumi nəticədə də bürünc medal qazanıb.
Angelovadan sonra uğurlu seriyanı davam etdirmək növbəsi Valentin Xristova çatıb və o, bu işin öhdəsindən layiqincə gəlib.

56 kq çəki dərəcəsində yarışan gənc atletimiz həm birdən, həm də təkanla qaldırmada hər 3 cəhdini uğurla yerinə yetirərək, birdən-birə 3 qızıl medal qazanıb.

Xristov birdən qaldırmada – 125 kq, təkanla qaldırmada – 155 kq, toplamda isə 280 kq nəticə göstərib. Hər 3 çəki gənclər arasında yeni Avropa rekordu da müəyyənləşdirib.

Qeyd edək ki, Xristova mükafatlandırma mərasimində qızıl medalları Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov təqdim edib.