“Altılıq” arzusu
13.04.2012 - 23:04
“Altılıq” arzusu
Türkiyənin Antalya şəhərində kişi və qadınlar arasında startı verilən ağır atletika üzrə olimpiya təsnifatlı Avropa çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, dünən iki həmyerlimiz - Alyona Kirilenko (69 kq) və Namiq Cəmilov (85 kq) podiuma çıxmalıydı.

Lakin Namiq hazırlıq zamanı belindən aldığı zədəyə görə yarışlara qatıla bilməyib. Belədə Azərbaycan atletlərindən yalnız Alyona mübarizəyə qatılıb.

B qrupunda çıxış edən atletimiz həm birdən, həm də təkanla qaldırmada, eləcə də iki hərəkətin cəmində göstərdiyi nəticəyə görə 3-cü yeri tutub. Birdənqaldırma yarışında ilk cəhddə 85 kq ağırlığın öhdəsindən gələn Kirilenko ikinci cəhddə sifariş verdiyi 88 kq ağırlığın öhdəsindən gələ bilməsə də, üçüncü cəhddə istəyinə nail olaraq, üçüncü yeri tutub.

Təkanla qaldırmada isə hər cəhddə müvafiq olaraq, 105, 109 və 113 kq-ı başı üzərinə qaldıran Alyona bu nəticə ilə də üçüncü olub. İki hərəkətin cəmində isə o, 201 kq nəticəylə də üçüncü yeri tutub.

Alyonayadək isə 4 atletimiz çıxış etmişdi ki, onlardan da üçü - 55 kq-da çıxış edən Valentin Xristov 280 (125+155), 69 kq-da mübarizə aparan Əfqan Bayramov 327 (143+178) və 56 kq-da mübarizə aparan zərifimiz Boyanka Kostova 215 (98+117) kq-la Avropa çempionu adına, 48 kq çəki dərəcəsində çıxış edən Silviya Angelova isə 175 kq nəticəylə bürünc medala layiq görülüb.

Bu gün atletlərimizdən İntiqam Zairov (94 kq, saat 19.00), ertəsi gün saat 15:00-da isə Yuliya Dovqal (+75 kq) AÇ-də mübarizəyə qatılacaq. Reqlamentə görə, qadın yığmamız AÇ-2012-ni ilk "altılıq"da bitirdiyi halda, London Olimpiadasına 1 lisenziya qazanmış olacaq.