“Millimizi alman mütəxəssisin çalışdırmasında qeyri-adi heç nə yoxdur”
19.04.2012 - 09:50
“Millimizi alman mütəxəssisin çalışdırmasında qeyri-adi heç nə yoxdur”
“Əcnəbi məşqçilər və idmançılar azərbaycanlı atletlərə təcrübə qazandırır. Bu, ölkəyə yeni idman intizamlarını uğurlu inkişaf etdirməyə imkan yaradır”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

O, Rusiya mətbuatına verdiyi açıqlamasında xarici mütəxəssislərin və idmançıların ölkəmizdə çalışmasının idmanın inkişafına fayda verdiyini bildirib: “Ölkəmizdə az inkişaf edən idman növlərinə mütəxəssislərin dəvət edilməsi çox vacibdir. Məsələn, Olimpiada-2020-nin proqramına reqbi, qolf kimi idman növləri salınıb. Qolf Azərbaycanda olmayıb. Biz bu idman növünü necə inkişaf etdirə bilərik? Bunun üçün qolf klubu tikmək, müxtəlif ölkələrdən mütəxəssislər və ola bilsin, idmançılar da cəlb etmək lazımdır”.

Vitse-prezidentin sözlərinə görə, SSRİ-nin dağılmasından sonra azərbaycanlı idmançılar digər ölkələrin, o cümlədən Rusiyanın şərəfini qoruyublar: “Elə indi də Rusiya komandalarında azərbaycanlı idmançılar və məşqçilər var. Bu, təbii prosesdir. Bir ölkə, bir xalq, bir komanda vardı. Bütün bunlar dağıldı və Belarusda, yaxud Özbəkistanda yaşayan həmin azərbaycanlı orada qalaraq, çıxışını bu ölkədə davam etdirdi. Yaxud da orada işləyir. Bunun nəticəsində bizdə rusiyalı mütəxəssislər çalışır. Bəli, bu günki gündə MDB-nin müxtəlif respublikalarından məşqçilərimiz var. Ancaq çoxlu azərbaycanlılar da ölkə xaricində işləyirlər. Bu, hər yerdə olan normal prosesdir. Azərbaycan futbol yığmasını alman çalışdırır. Rusiya millisinə isə əvvəl və indi də hollandiyalı mütəxəssis rəhbərlik edir. Burada qeyri-adi heç nə yoxdur”.

Qeyd edək ki, futbol yığmamızı 2008-ci ilin aprelindən almaniyalı Berti Foqts çalışdırır.