Milliləşən legionerimiz Avropada ən güclü oldu
25.04.2012 - 13:13
Milliləşən legionerimiz Avropada ən güclü oldu
Azərbaycan atleti Tilahun Əliyev İspaniyanın paytaxtı Madriddə keçirilmiş marafon qaçışında iştirak edib. Milli komandamızın baş məşqçisi Məhərrəm Sultanzadənin Lent.az-a verdiyi məlumata görə, Efiopiya əsilli milliləşdirilmiş idmançımız 42 km 195 metr məsafəni 2 saat 20 dəqiqə 15 saniyəyə qət edib.

O, 18 min iştirakçının qatıldığı mübarizədə 9-cu yeri tutsa da, avropalı iştirakçılar arasında 1-ci olub. İlk “10-luğ”a düşən digər atletlərlə birgə təmsilçimizə də medal verilib. Lakin Əliyevin 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya normasını yerinə yetirmək üçün 2 dəqiqəsi çatmayıb. Bununla belə, baş məşqçi atletimizin lisenziya qazanmaq üçün qarşıda daha bir şansının olduğunu açıqlayıb. Həmin yarış mayın 20-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək.

Sultanzadə bildirib ki, atletika növlərində olimpiadaya vəsiqə üçün müəyyənləşdirilən müddət iyulun 8-də başa çatacaq. Ölkəmiz Londonda 5 atletlə təmsil olunmağı planlaşdırır: “Hələlik çəkicatanımız Dmitri Marşin, eləcə də 3000 metr məsafəyə maneələrlə qaçış və 5000 metr məsafəyə qaçış üzrə Layeş Abdullayeva olimpiya lisenziyası əldə edib. Qarşıdakı müddətdə üç təkanla uzununa tullananımız Murad İbadullayev, 5000 metr məsafəyə qaçış üzrə Hayle İbrahimov və sprinterimiz Ruslan Abbasovdan lisenziya gözləyirik. Ümumiyyətlə, Londona ən azı 4 atletlə yollanmağı planlaşdırmışıq. Hazırda məsələsi açıq qalan Ramil Quliyev də yığmamıza qoşulsa, vəsiqələrimizin sayı 5-ə çatacaq”.

Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunları 27 iyul – 12 avqust aralığında olacaq.