Azərbaycan yığması tarixi uğurun astanasında
03.05.2012 - 15:07
Azərbaycan yığması tarixi uğurun astanasında
Qadın otüstü hokkeyçilər arasında London Yay Olimpiya Oyunlarının təsnifat yarışında qrup mərhələsinin oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Yaponiyanın Kakamigahara şəhərində keçirilən turnirin V turunda Azərbaycan millisi komandası Çili yığması ilə qarşılaşıb.

Bu matçda Adil Paşayevin yetirmələrinə finala çıxmaq üçün heç-heçə kifayət idi ki, onlar da bunu bacarıblar. Belə ki, komandamız cənubi amerikalılarla oyunun fasiləsinə 1 top öndə yollanıblar. Bundan sonra hokkeyçilərimiz fərqi 2-yə çatdırsalar da, çilililər hesabı bərabərləşdirməyə müvəffəq olub – 2:2. Nəticədə yığmamız həlledici görüşə vəsiqə qazanıb.

London-2012-yə vəsiqə üçün son matçda isə komandamızın rəqibi ev sahibləri olacaq. Onlar finala qrupda birinci olmaqla, vəsiqə qazanıblar.

V tur

Avstriya – Malayziya – 3:2
Yaponiya – Belarus – 4:0
Çili - Azərbaycan - 2:2

Yaponiya 5 4 1 0 23-1 13
Azərbaycan 5 3 1 1 15-6 10
Çili 5 2 2 1 8-6 8
Belarus 5 2 1 2 10-10 7
Avstriya 5 1 0 4 3-22 3
Malayziya 5 0 1 4 5-19 1

Qeyd edək ki, yığmamız ikinci dəfə Olimpiadaya lisenziyanın bir addımlığındadır. Pekin-2008-də də təsnifat turnirinin finalında oynamaq hüququ qazanan hokkeyçilərimiz hakimlərin tərəfkeşliyi ilə İspaniya millisinə uduzmuşdular.