Güləşçilərimizin uğursuz Finlandiya səfəri - YENİLƏNİB
06.05.2012 - 18:02
Güləşçilərimizin uğursuz Finlandiya səfəri - YENİLƏNİB
Bu gün Finlandiyanın Vantaa şəhərində güləş üzrə London Yay Olimpiya oyunlarına lisenziya verən son təsnifat turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, üçüncü yarış günündə yunan-Roma və qadın güləşçilər qüvvələrini sınayıblar.

Turnirin 2 günündə lisenziya qazana bilməyən Azərbaycan milli komandasının bu gün 3 pəhləvanı London-2012-yə vəsiqə üçün xalçaya çıxıb. Təəssüf ki, Mahmud Məhəmmədov (55 kq, sərbəst güləş) və Vitali Rəhimov (66 kq, yunan-Roma güləşi) kimi Məsud Həşimzadə (120 kq), Nadya Sementsova (63 kq) və Dina İvanova (72 kq) da yarışı lisenziyasız başa vurublar.

Reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 2 idmançı – yəni finalçılar London Yay Olimpiya Oyunlarına lisenziya qazanırdı.

Yunan-Roma güləşi

120 kq
Pəhləvanımız Məsud Həşimzadə 1/8 final mərhələsində Abu Jade (Braziliya) ilə münasibətinə aydınlıq gətirib. Hər 2 hissədə 1:0 hesabı ilə qələbə qazanan güləşçimiz növbəti mərhələyə yüksəlib.

1/4 finalda Məsud almaniyalı Otto Şmidtlə mübariə aparıb. İlk hissədə 6:0 hesabı ilə rəqibini məğlub edən idmançımız ikinci hissədə 1:0 hesabı ilə qalib gəlib və yarımfinala çıxıb.

1/2 finalda Həşimzadənin rəqibi rusiyalı Həsən Baroyev olub. Təmsilçimiz ilk görüşlərindən fərqli, bu dəfə təcrübəli güləşçi qarşısında aciz qalıb - 0:2, 0:1.

Sərbəst güləş (qadınlar)

63 kq
Nadya Sementsova da yarışa 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi bolqarıstanlı Taybe Useyn olub. Təmsilçimiz qələbə qazanaraq, 1/4 finala yüksəlib.

O, bu mərhələdə Monika Mihaliklə (Polşa) gücünü yoxlayıb. Lakin Sementsovanın ikinci qarşılaşmasında rəqib güclü olub. Düzdür, idmançımız ikinci hissədə hesabı bərabərləşdirib. Amma o, həlledici - üçüncü hissədə uduzaraq, Olimpiadaya getmək arzusunu reallaşdıra bilməyib.

72 kq
Bu çəkidə ölkəmizi təmsil edən Dina İvanova 1/16 final mərhələsində norveçli Mayi Erlandsenlə qarşılaşıb. Təəssüf ki, ağır çəkili idmançımız ilk döyüşdəcə uduzaraq (2:2, 0:1), lisenziya qazanmaq şansını itirib.

Beləliklə, güləşçilərimiz London Olimpiadasına 18 mümkün lisenziyadan 13-nü əldə etdi. Yunan-Roma güləşi üzrə Rövşən Bayramov (55 kq), Kamran Məmmədov (60 kq), Emin Əhmədov (74 kq), Saman Təhmasibi (84 kq) və Şalva Qadabadze (96 kq), sərbəst güləş üzrə Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (90 kq) və Cəmaləddin Məhəmmədov (120 kq), qadın güləşində isə Mariya Stadniklə (48 kq) Yuliya Ratkeviç (55 kq) Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Müqayisə üçün bildirək ki, Pekin-2008-ə 16 pəhləvanımız yollanmışdı.