“Ölüm qrupu”ndakı favorit
08.05.2012 - 11:00
 “Ölüm qrupu”ndakı favorit
Gələn ay Polşa və Ukraynada futbol üzrə Avropa çempionatının final mərhələsi start götürəcək. Apasport.az saytı yarış iştirakçılarının təqdimatını DÇ-2014-ün seçmə mərhələsində daha bir rəqibimiz olacaq komanda ilə davam etdirir. Mundial yolunda Berti Foqtsun yetirmələrini sınağa çəkəcək Portuqaliya yığması son illərdə olduğu kimi, yenə yarışın favoritləri sırasındadır. Lakin Kriştianu Ronaldo və komanda yoldaşları bunun üçün yer aldıqları “ölüm qrupu”ndan çıxmalıdır.

Avropa çempionatlarının final mərhələsində 1984-cü ildə debüt edən Portuqaliyanın ilk cəhdi uğurlu alınıb. Finalın 1 addımlığında büdrəyən komanda sonda çempion olan Fransaya uduzub. Özü də portuqaliyalıların qarşısını 119-cu dəqiqədə indiki UEFA prezidenti Mişel Platininin vurduğu qol kəsmişdi.

Pireneylilər növbəti qitə birinciliyini 12 il gözləməli oldular. 1996-cı ildən sonra ardıcıl 5-ci dəfədir final mərhələsinə yüksələn Portuqaliya yığması buna nail olan 7 komandadan biridir. Onlarla yanaşı, İspaniya, Almaniya, İtaliya, Fransa, Hollandiya və Çexiya da ən azı ardıcıl 5-ci dəfədir Avro həyəcanı yaşayacaq. Maraqlıdır ki, bu 7 komandadan 3-ü – Almaniya, Hollandiya və Portuqaliya eyni qrupda yer alıb.

Portuqaliya tarixi ərzində heç vaxt Avropa çempionatının final mərhələsində qrupda qalmayıb. Ən azı 1/4 finala yüksələn yarımada təmsilçisinin ən böyük uğuru isə 8 il əvvəl olub. Həmin vaxt yarışın təşkilatçısı olan yığma finalda Yunanıstana uduzmaqla, çempionluğu əldən vermişdi.

Son 8 ildə isə Portuqaliya böyük turnirlərdə daim pley-offa yüksəlir. Ən azı qrupdan çıxan yığma son 2 mundial və son 2 Avro-da bunu bacarıb. Lakin Polşa və Ukraynadakı yarışa çıxmaq üçün pireneylilər çətinliklə üzləşiblər. Onlar seçmə mərhələni qrup ikincisi kimi başa vuraraq, pley-offda oynayıblar. Yalnız Bosniya və Herseqovina ilə görüşlərdən sonra Paulu Bentunun yetirmələri istəyinə çatıblar.

Portuqaliya yığması

FİFA reytinqi: 5
İlk oyun: İspaniya 1:3 (18.12.1921, Madrid)
Ən böyükhesablı qələbə: Lixtenşteyn 8:0 (18.11.1994, Lissabon), Lixtenşteyn 8:0 (09.06.1999, Koimbra), Küveyt 8:0 (19.11.2003, Leyriya)
Ən böyükhesablı məğlubiyyət: Fransa 0:10 (25.05.1947. Lissabon)
Titulu: yoxdur
Baş məşqçi: Paulu Bentu
Avropa çempionatlarında ən yaxşı nəticə: 2004-cü ildə II yer
Ən məhsuldar futbolçusu: Pauleta – 47 qol
Karyerasını davam etdirənlər arasında ən məhsuldar futbolçu: Kriştianu Ronaldo - 32 qol
Yığmada ən çox oyun: Luiş Fiqu - 127
Karyerasını davam etdirənlər arasında yığmada ən çox oyun: Kriştianu Ronaldo - 87
Portuqaliya yığması Avropa çempionatlarında:

 OQHMT
Final mərhələsi24124834-23
Seçmə mərhələ98542420183-95
Cəmi122662828217-118


Portuqaliya yığmasının oyunları:
09.06.2012. Lvov. 23:45. Almaniya – Portuqaliya
13.06.2012. Lvov. 21:00. Danimarka – Portuqaliya
17.06.2012. Xarkov. 23:45. Portuqaliya - Hollandiya