Olimpiyaçımız rəqibinin ad günündə çempionluq döyüşünə çıxacaq
18.05.2012 - 16:51
Olimpiyaçımız rəqibinin ad günündə çempionluq döyüşünə çıxacaq
Çinin Quançjou şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatının finalında Azərbaycan yığmasının üzvü Yelena Vıstropovanın (75 kq) rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, həlledici görüşə vəsiqə qazanmaqla London-2012-yə lisenziyaya sahib olan 23 yaşlı təmsilçimiz qızıl medallar uğrunda döyüşdə ingiltərəli Savanna Marşallla qarşılaşacaq.

2010-cu ildə mundialın gümüş mükafatına sahib çıxan britaniyalı yarımfinalda rusiyalı Nadejda Torlopovanı 18:10 hesabı ilə məğlub edib. Vıstropova ilə Marşall arasında final görüşü isə sabah baş tutacaq. Maraqlıdır ki, təmsilçimizin rəqibinin məhz həmin gün mayın 19-da – 21 yaşı tamam olacaq.

Qeyd edək ki, boksda ölkəmizi olimpiadada təmsil edəcək ilk xanım idmançı kimi tarixə düşən Vıstropova yarımfinalda isveçli Anna Laurellə mübarizədən qalib ayırılıb – 16:15.