Yığmamızla oyunda tarix yazan komanda
21.05.2012 - 15:00
Yığmamızla oyunda tarix yazan komanda
Gələn ay Polşa və Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin startına 18 gün qalıb. Yarış iştirakçılarını təqdim edən apasport.az saytı oxucularına sonuncu - D qrupunun komandaları ilə tanış edir. Yarışa meydan sahibi kimi qatılan Ukrayna millisi də axırıncı qrupda yer alıb.

“Göy-sarılar” tarixi ərzində heç vaxt Avropa çempionatının seçmə mərhələsini adlaya bilməyib. Bu dəfə də onlar meydan sahibi kimi yarışa birbaşa vəsiqə qazanıblar. Düzdür, 12 il əvvəl ukraynalılar son anda belə şansı qaçırmışdılar. Həmin vaxt seçmə mərhələsinin son oyunundakı 1:1 hesablı heç-heçə ilə Avro-2000-ə qrup birincisi kimi yollanmaq şansı əldən verilmişdi. Ardınca isə pley-offun Sloveniya ilə qarşılaşmalarında hər şey sonda məhv oldu. Sloveniyalıların 78-ci dəqiqədəki qolu Ukrayna yığmasının final mərhələsindəki debütünə imkan vermədi.

Buna baxmayaraq, Oleq Bloxinin yetirmələrinin final mərhələsi təcrübəsi var. Onlar DÇ-2006-da uğurla çıxış etməyi bacarıblar. Avro-2012-nin 2 təşkilatçısından biri 6 il əvvəl Almaniyadakı mundialıda 1/4 finaladək irəliləyib. Lakin həmin vaxtdan sonra ukraynalılar ciddi uğura həsrətdir. Bloxinin baş məşqçi postundan gedişi və 2-ci gəlişi arasında bu vəzifədə 3 mütəxəssis çalışsa da heç nə dəyişməyib.

Baş məşqçi qarşıdakı turnirdə minimum vəzifənin qrup səddini adlamaq olduğunu da açıqlayıb. Bu turnir yığmanın veteranları Andrey Şevçenko, Aleksandr Şovkovski və Andrey Voronin üçün yığmada son çıxış olacaq. Elə Anatoli Timoşuk da milli karyerasını bitirmək haqda düşünür.

Ukrayna millisi ilə daha bir maraqlı məqam isə komanda tarixinin ən böyük hesablı qələbəsidir. Belə ki, onlar 6 il əvvəl Azərbaycan yığmasını 6:0 hesabı ilə yenməklə tarix yazıblar. 20 illik tarixinin sonrakı dövrünsə həmin nailiyyəti təkrarlamağı bacaran ukraynalılar daha böyük qələbə qazana bilməyiblər.

Ukrayna yığması

FİFA reytinqi: 50
İlk oyun: Macarıstan 1:3 (29.04.1992, Ujqorod)
Ən böyük hesablı qələbə: Azərbaycan 6:0 (15.08.2006, Kiyev), Andorra 6:0 (14.10.2009, Andorra la Vella)
Ən böyük hesablı məğlubiyyət: Xorvatiya 0:4 (25.03.1995, Zaqreb), İspaniya 0:4 (14.06.2006, Leypsiq, Almaniya), Çexiya 0:4 (06.09.2011, Praqa)
Titulu: yoxdur
Baş məşqçi: Oleq Bloxin
Avropa çempionatlarında ən yaxşı nəticə: final mərhələsinin debütantıdır
Ən məhsuldar futbolçusu: Andrey Şevçenko – 48 qol
Karyerasını davam etdirənlər arasında ən məhsuldar futbolçu: Andrey Şevçenko – 48 qol
Yığmada ən çox oyun: Anatoli Timoşuk – 113
Karyerasını davam etdirənlər arasında yığmada ən çox oyun: Anatoli Timoşuk – 113

Ukrayna yığması Avropa çempionatlarında:

 OQHMT
Final mərhələsi00000-0
Seçmə mərhələ4216131356-48
Cəmi4216131356-48


Ukrayna yığmasının oyunları:
11.06.2012. Kiyev. 23:45. Ukrayna – İsveç
15.06.2012. Donetsk. 21:00. Ukrayna – Fransa
19.06.2012. Donetsk. 23:45. İngiltərə - Ukrayna