Ronaldo: Nəyə qadir olduğumuzu göstərəcəyik
08.06.2012 - 23:24
Ronaldo: Nəyə qadir olduğumuzu göstərəcəyik
“Meydana qələbə üçün çıxacağıq. Amma bizi heç-heçə də qane edəcək”. Apasport.az saytının xəbərinə görə, bunu Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo deyib.

Avropa çempionatının final mərhələsi çərçivəsində ilk oyununu bu gün Bakı vaxtı ilə saat 23:45-də Almaniyaya qarşı keçirəcək Portuqaliya yığması yarışa uğurlu start vermək haqda düşünür. Oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran dünyanın ən bahalı futbolçusu yığmanın düşərgəsində hökm sürən ab-havanın yüksək olduğunu qeyd edib.

O, hər şeyin istədikləri kimi davam etdiyini vurğulayıb: “Əhval ruhiyyəmiz çox yüksəkdir və bu da çox əhəmiyyətlidir. Mən özümə çox inanıram. Meydanda nəyə qadir olduğumuzu göstərəcəyik”.

Mətbuat konfransında olduqca əmin və gülərüz görsənən Ronaldo həyəcanlı olmadıqlarını da qeyd edib: “Həyəcanlı deyilik, özümüzü yaxşı hiss edirik. Ola bilsin, meydanda bu həyəcanı hiss edək. Amma ki, bu gün hər şey istədiyimiz kimidir”.

Favoritlərə gəldikdə, o, Portuqaliyanın qızıla namizədlər sırasında olmamasını bildirib: “İspaniya yığması yaxşı futbol oynayır. Biz favoritlər sırasında olmasaq da, Almaniyaya qarşı bacardığımızı ortaya qoyacağıq”.