Aleksandr Kerjakov: Bu, Azərbaycan yığması deyil ki…
09.06.2012 - 17:00
Aleksandr Kerjakov: Bu, Azərbaycan yığması deyil ki…
Rusiya milli komandasının futbolçusu Aleksandr Kerjakov Avropa çempionatı (AÇ) tarixinin antirekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, “Zenit”in 28 yaşlı hücumçusunun start heyətində meydana çıxdığı və 4:1 hesabı ilə qalib gəldikləri Çexiya yığması ilə matçda 7 zərbəsi qapıdan yan keçib. Bununla da Kerjakov 1960-cı ildə keçirilən turnirin tarixində belə pis göstəriciyə imza atan ilk futbolçu olub.

Əvəzində həmin oyunda dubl edən yarımmüdafiəçi Alan Dzaqoyev final mərhələsində fərqlənən ən gənc, həm də bir matçda 1-dən çox qol vuran 2-ci rusiyalı futbolçu olub. İlk belə oyunçu ilk AÇ-də Çexoslovakiya yığması ilə oyunda het-trik edən Valentin İvanovdur.

Əslində isə Kerjakov Rusiyada bombardir futbolçu kimi ad çıxarıb. Özü də o, yığmamızın tarixində ağır məğlubiyyətlərinin birində damğasını vurub. Söhbət 2000-ci ildə Avstriyanın Braunau şəhərində 18 yaşlılardan ibarət yığma komandalar (indiki U-19) arasında keçirilən Avropa çempionatının seçmə mərhələ oyunlarında Rusiya - Azərbaycan matçından gedir. Həmin vaxt Aleksandr Qrebnevin çalışdırdığı Rusiya Şahin Diniyevin baş məşqçisi olduğu yığmamıza 10:0 hesabı ilə qalib gəlmişdi. Millimizin kapitanı Rəşad Sadıqovun iştirak etdiyi matçda Kerjakov 4 dəfə qapımıza yol tapmaqla, pokerə imza atmışdı.

Maraqlıdır ki, Aleksandr həmin vaxt aşağı divizionda “Svyatoqorsk” klubunda çıxış edirmiş. Göründüyü kimi, Kerjakov zəif rəqiblə oyunda “at oynatsa” da, daha məsul sınaqda “çərçivə”yə 1 dəfə də olsun düşə bilməyib. Onu bu turnirdən sonra yenidən Azərbaycan yığması ilə duel gözləyir ki, bu da 2014-cü il dünya çempionatının seçmə mərhələsinin oyunları olacaq.

Qeyd edək ki, 10:0-da qol vuran “Sportinq”in yarımmüdafiəçisi Marat İzmayılov, habelə “Zenit”in kapitanı olan müdafiəçi Aleksandr Anyukov hazırda Rusiya yığmasının heyətində final mərhələsinin iştirakçısıdır.

Mehman SÜLEYMANOV