Pike: ...bir-birimizi sevmirdik
09.06.2012 - 20:20
Pike: ...bir-birimizi sevmirdik
2008-ci ildə “Mançestr Yunayted”dən “Barselona”ya transfer olduqdan sonra ilk dəfə mövsümü Primeronu çempion kimi başa vurmayan Herard Pike medianın diqqət mərkəzindən düşmür. Apasport.az saytının xəbərinə görə, xüsusilə, pop ulduz Şakira ilə münasibətdə olması ona diqqəti daim artırır.

Avro-2012-də İspaniya yığmasının heyətinə cəlb edilən müdafiəçi mətbuat konfransı keçirib. O, həm komanda yoldaşı və “Barselona”nın təcrübəli kapitanı Karles Puyolun cərrahiyyə əməliyyatı olmasına toxunub.
Futbolçu Puyolun yoxluğunu özü üçün ciddi itki hesab edib: “Puyol mənə qardaş kimidir və onunla uzun müddət həm klubda, həm də yığmada birgə çıxış etmişik. Çox təəssüf ki, bu gün bizimlə deyil. Amma Serxio Ramos da ən yaxşı mərkəz müdafiəçilərindəndir və onunla yaxşı anlaşacağıq. Azarkeşlər deyirdilər ki, biz bir-birimizi sevmirdik. Münasibətlərimiz isti deyil. Amma bunlar tamamilə əsassız, düzgün olmayan fikirlərdir. Biz bu gün millinin düşərgəsindəyik. Hər birimiz eyni məqsəd uğrunda mübarizə aparırıq. İstəyirik ki, yenidən Avropa çempionu olaq”.

Yarışın favoriti adlandırılmasından xoşlandığını gizlətməyən ulduz oyunçu titullarını qoruyacaq gücdə olduqlarını söyləyib: “Bizi yarışın favoriti hesab etmələri xoşuma gəlir. Bunun da səbəbi var. Bu onu göstərir ki, azarkeşlərimiz titulumuzu qoruyacaq gücdə olduğumuzu bilir. Bu komanda üzərində əlavə təzyiq yarada bilər. Əslində, şanslar bərabərdir. Əgər biz öz oyunumuzu və futbol fəlsəfəmizi ortaya qoya bilsək, bu turnirin qalibi ola bilərik”.