“Rəqib oyun üslubumuzu öyrənir”
13.06.2012 - 13:24
“Rəqib oyun üslubumuzu öyrənir”
“İtaliya yığması güclüdür. Rəqib bizi və oyun üslubumuzu öyrənir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Xorvatiya yığmasının baş məşqçisi Slaven Biliç deyib.

Avropa çempionatına İrlandiya üzərində 3:1 hesablı qələbə ilə başlayan xorvatiyalılar ilk turdan sonra qrup lideridir. Çünki İtaliya və İspaniya milliləri arasında matç “sülh”lə yekunlaşmışdı – 1:1.

Bu isə o deməkdir ki, Xorvatiya sabah italyanlara qalib gələrsə, 1/4 finala vəsiqəni rəsmiləşdirəcək. Biliç italiyalı həmkarı Çezare Prandellinin baş məşqçisi olduğu rəqibə hörmət etdiklərini bildirib: “Prandelli komandamıza hörmət edir. Onun sərəncamında matçın gedişini diktə edə bilən futbolçular var. Məncə, italyanlar ispanlardan geri qalmır. Xüsusilə, komandanın başında Prandelli dayananda. Ola bilər ki, irlandiyalıların taktikasını oxumaq asan idi, ancaq İtaliya ilə hər şey başqa cür olacaq. Əgər qalib gəlmək istəyiriksə, onda yüksək səviyyədə oynamağa davam etməliyik”.