Ramil Quliyev: Uzun müddətdir rəsmi icazə gözləyirəm
13.06.2012 - 16:23
Ramil Quliyev: Uzun müddətdir rəsmi icazə gözləyirəm
“Uzun müddətdir rəsmi icazə verilməsini gözləyirəm. Hələlik yekun qərar çıxmayıb. İnşallah, icazə verərlər, Türkiyə adından London-2012-də mübarizə apararam”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı sprinter Ramil Quliyev deyib.

Cezmi Or Kubokunda 100 və 200 m məsafələrə qaçışda heç bir rəqibinə şans verməyən həmyerlimiz Olimpiadaya yollanmaq şansından danışıb. Ötən il Türkiyə vətəndaşlığını seçərək, bu ölkənin şərəfini qorumağa başlayan Quliyev Beynəlxalq Atletika Federasiyasından (İAAF) xoş xəbər gözlədiyini bildirib.

Onun sözlərinə görə, İAAF icazə verərsə, Londonda az öncə 2009-cu ildəki rekordunu yenilədiyi 200 m məsafəyə qaçışda mübarizə aparacaq: “Mənim ən yaxşı olduğum bu məsafədir. Fiziki cəhətdən də 100 metrdən çox, 200 metrə daha uyğunam. Qaçarkən 100 metrdən sonra açılıram. Əgər London-2012-yə icazə versələr, burada 200 metrdə əla bir nəticə almaq üçün əlimdən gələni edəcəyəm”.

Quliyev Olimpiadada 200 m məsafəyə qaçışda favoritini də açıqlayıb: “Hazırda London-2012-də bu məsafədə ən güclü yamaykalı Yohan Blaykdır. O, ötən il çox əla nəticə göstərdi. Kimsə bunu ondan gözləmirdi. Bunun üçün də mənim 200 m məsafəyə Olimpiadada favoritim Blaykdır”.

Həmyerlimiz 100 m məsafəyə qaçışda lider - Useyn Bolta rəqib görmədiyini də bildirib: “O, 100 m-də özünü çox çətinə salmır və Olimpiadanı gözləyir. Boltun bu məsafədə rəqibi yoxdur və fikrimcə, o, yenə çox yüksək nəticə göstərəcək. ”

Zədədən sonra yavaş-yavaş öz formasını bərpa etməyə başlayan Ramil qatılacağı növbəti yarışdan da danışıb: “1 ay öncə məşqdə zədələnmişdim. Qasığımda problemim yaranmışdı, müalicə olundum. Amma Cezmi Or Kubokunda 100 m məsafəyə qaçışda nəticəmdən razı qalmadım. İyunun 17-də Moskvada baş tutacaq turnirdə eyni məsafəyə yarışacam. Daha uğurlu bir nəticə qazanmaq istəyirəm”.

Türkiyə Atletika Federasiyasının prezidenti Mehmet Terzi də İAAF-dan bugünlərdə xoş xəbər alacaqlarına inandığını deyib: “Beynəlxalq qurumun belə bir idmançını itirmək istəmədiyini düşünürəm. Sevindirici xəbəri gözləyirik”.

Qeyd edək ki, Quliyevin London-2012-yə “ay-ulduzlu” formanı geyinmək üçün İAAF-a xahiş məktubu yazıb. Qaydalara görə Ramil 3 il Azərbaycanın icazəsi olmadan Türkiyəni təmsil edə bilməz. Burada yalnız beynəlxalq qurum qərarı istisnadır.