Ronaldo özündən çıxdı: Messinin buna nə dəxli var?
14.06.2012 - 09:51
Ronaldo özündən çıxdı: Messinin buna nə dəxli var?
“Əhval-ruhiyyəm əladır. Komandamız qalib gəldi, niyə qəmgin olmalıyam? Bu qələbə bizə psixoloji planda çox şey verəcək”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo deyib. Dünyanın ən bahalı futbolçusu üçün Poşla və Ukraynada keçirilən Avropa çempionatı hələ ki uğursuz alınır. Belə ki, çoxsaylı qol imkanlarını boşa verən Madrid “Real”ının hücumçusu Danimarka ilə matçda az qala komandasını vacib qələbədən məhrum edəcəkdi: “Əvvəla, turnir bununla bitmir. Bizi qarşıda Hollandiya ilə matç gözləyir ki, bu matçda fərqlənmək niyyətindəyəm. Əgər mənə elə bu dəqiqə müqavilə təklif etsələr və orada yazsalar ki, sən, Ronaldo, heç bir qol vurmursan, ancaq komandan finalda oynayır, məni onu heç bir şübhəsiz imzalayacağam”.

Ronaldo ona Messi ilə bağlı verilən suala görə özündən çıxaraq, argentinalı həmkarının “bostanına daş atıb”: “Mən başa düşmürəm, indi “Qızıl top” və Messi haqda niyə danışasan? Messinin buna nə dəxli var? Əgər məsələ buna gəldisə, Lionel ötən il Cənubi Amerika Kubokunda oynadı. Özü də bu, onun vətənində keçirildi. Argentina yığması orada medalsız qaldı, ancaq istənilən halda, “Qızıl top”u Messiyə verdilər. Buna görə nədən danışırıq?”.

Qeyd edək ki, Ronaldonun 2008-ci ildə aldığı dünyanın ən yaxşı futbolçusuna verilən bu mükafat son 3 ildə Messiyə qismət olur.