“İspaniya millisi orkestr kimidir, hər şeyi gözü bağlı da edə bilər”
15.06.2012 - 09:44
“İspaniya millisi orkestr kimidir, hər şeyi gözü bağlı da edə bilər”
“Biz nə ilə üzləşəcəyimizi bilirdik. İspaniya yığmasının nə qədər güclü olduğu, xüsusilə orta sahəsinin gücü bizə məlum idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri İrlandiya yığmasının baş məşqçisi Covanni Trapattoni deyib. Avropa çempionatının final mərhələsində 2-ci oyununda da uduzan irlandiyalılar bu dəfə ispanlara böyük hesabla yenilib – 0:4.

Trapattoni Xorvatiya ilə matçda olduğu kimi, erkən qol buraxmalarını təəssüflə qeyd edib: “Bu, matça taktikanı dərhal dağıdır. Bunun ispanlarla oyunda nə demək olduğunu gördünüz. Bizdə psixologiya baxımından da hər şey qaydasında deyil. Sözün əsl mənasında təəccüblü səhvlər buraxırıq. Bunları nə məşqlərdə, nə də yoldaşlıq görüşlərində, rəsmi oyunlarda görmüşəm. Rəqibə hədiyyələr etmək yolverilməzdir. Son turda İtaliya ilə oyunda möhtəşəm azarkeşlərimiz qarşısında utandırıcı olmamaq üçün oynayacağıq. Əgər futbolçular unutsa, mən onların yadına salacağam ki, azarkeşlərimiz özlərini tribunalarda necə əla aparırdılar. Mən onlara görə təəssüflənirəm”.

Təcrübəli mütəxəssis İspaniya yığmasını maraqlı xarakterizə edib: “Bu komanda orkestr kimidir. Onun oyununda bütün futbolçular iştirak edir. Bir də onlar hər şeyi bağlı gözlə edə bilərlər. Bu turnirdə İspaniya ilə müqayisə oluna bilən yalnız bir komanda var. Bu, Almaniyadır. Fikrimcə, onlar əvvəl-axır üzləşəcək və kimin Avropa çempionu olduğunu müəyyənləşdirəcəklər”.