Fransa və İngiltərənin ilk qələbəsi, İsveç qrupda qaldı - YENİLƏNİB
16.06.2012 - 00:53
Fransa və İngiltərənin ilk qələbəsi, İsveç qrupda qaldı -  YENİLƏNİB
AVRO-2012-də II turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, D qrupundakı matçlarda favoritlər – Fransa ilə İngiltərə yığmaları ilk qələbələrini qazanıblar. Bununla da onlar 4 xalla şərikli lider oldular. Sadəcə, fransızlar topların daha yaxşı fərqinə görə 1-ci yerdədir.

Fransa bunadək qrup lideri olan meydan sahibi Ukraynanı 2-ci hissənin əvvəlində 3 dəqiqəyə vurduğu 2 qolla çətinlik çəkmədən yendi. İngiltərənin İsveçlə matçı isə daha gərgin və məhsuldar alındı. Belə ki, ingilislər hələ ilk hissədə hesabı açsa da, fasilədən sonra rəqibin təcrübəli müdafiəçisi Olaf Mellberqin dublu ilə geri düşdü. Düzdür, ilk qolda Qlen Conson topa toxunduğundan, avtoqol qeydə alındı. İngiltərə hesabda geri olanda meydana daxil olan Teo Uolkottun tezliklə tarazlığı bərpa etməyi həlledici oldu. Az sonra digər gənc hücumçu Danni Uelbek vurduğu gözəl qolla ingilislərə əzmkar qələbə qazandırdı. Bununla da ardıcıl 2-ci məğlubiyyəti alan İsveçin qrupda qalmağı rəsmiləşib. O, bunadək belə aqibətlə üzləşən İrlandiya yığmasının davamçısı olub.

Qeyd edək ki, bu qrupda son turun oyunları iyunun 19-da keçiriləcək. İsveç Kiyevdə Fransanı, Ukrayna Donetskdə İngiltərəni qəbul edəcək.


AVRO-2012

Final mərhələsi
II tur
C qrupu


21:00. UKRAYNA – FRANSA - 0:2
QOLLAR: Menez, 53, Kabay, 56
Baş hakim: Byorn Kappers (Hollandiya)
Donetsk. “Donbass Arena”

Ukrayna: Andrey Pyatov, Yevgeni Selin, Yevgeni Xaçeridi, Taras Mikalik, Anatoli Timoşuk, Oleq Qusev, Andrey Yarmolenko, Sergey Nazarenko, Yevgeni Konoplyanka, Andrey Voronin, Andrey Şevçenko (k)

Fransa: Uqo Loris (k), Matye Debuşi, Adil Rami, Filipp Mekses, Yohan Kabay, Qael Klişi, Frank Riberi, Samir Nasri, Ali Diarra, Jeremi Menez, Kərim Benzema

Donetskdə yağan leysan oyuna mənfi təsir göstərib. Belə ki, baş hakim artıq 5-ci dəqiqədə ardıcıl ildırım çaxmaları nəticəsində matçı dayandırmağı qərara aldı. O, futbolçulara meydanı tərk etməyi işarə etdi və bununla da oyunçular hakimlərlə birgə paltardəyişmə otağına yollandılar. Proqnoza görə, yağış bir neçə dəqiqəyə kəsəcək və oyun davam etdiriləcəkdi. Maraqlıdır ki, leysan davam etdiyindən, ilkin olaraq matçın təxirə salındığı açıqlandı. Ancaq sonda yağış kəsdi və oyun 1 saatlıq fasilədən sonra davam etdirildi. İsveçlə İngiltərə arasında matç isə Donetskdəki oyun yubandığına görə nəzərdə tutulandan 15 dəqiqə gec başladı.


23:45. İSVEÇ – İNGİLTƏRƏ - 2:3
QOLLAR: Conson, 49-öz qapısına, Mellberq, 59 - Kerroll, 23, Uolkott, 64, Uelbek, 78
Baş hakim: Damir Skomina (Sloveniya)
Kiyev. Olimpiya stadionu

İsveç: Andreas İsaksson, Olaf Mellberq, Andreas Qranqvist, Martin Olsson, Yonas Olsson, Rasmus Elm, Anders Svensson, Kim Kellstrom, Sebastyan Larsson, Zlatan İbrahimoviç (k), Yohan Elmander

İngiltərə: Con Hart, Qlen Conson, Con Terri, Yolen Leskott, Eşli Koul, Ceyms Milner, Skott Parker, Stiven Cerrard (k), Endi Kerroll, Eşli Yanq, Danni Uelbek

D qrupu
1Fransa21103-14
2İngiltərə21104-34
3Ukrayna21012-33
4İsveç20023-50